Axtarış

AZ EN

NDU tələbələri Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə tanış olublar

02.11.2026 18:41 157
NDU tələbələri Təhsil Tələbə Krediti Fondunun  fəaliyyəti ilə tanış olublar

Naxçıvan Dövlət Universitetində  Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyətinin iştirakı ilə tələbələr üçün maarifləndirici görüş keçirilib.

NDU-nun rektoru Elbrus İsayev çıxışında Təhsil Tələbə Krediti proqramının sosial əhəmiyyətinə toxunaraq universitetdə tələbələrin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, hər tədris ilinin əvvəlində birinci kurs tələbələri ilə fakültələr üzrə görüşlər təşkil olunur, onlara Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti, kreditlərin verilmə şərtləri və müraciət qaydaları barədə ətraflı məlumat verilir.

Rektor vurğulayıb ki, dövlət tərəfindən təqdim olunan bu dəstək mexanizmi maddi imkanları məhdud olan, lakin ali təhsil almaq və təhsilini davam etdirmək əzmində olan gənclər üçün mühüm fürsətdir. Proqram təhsil xərclərinin qarşılanmasına dəstək göstərməklə yanaşı, sosial vəziyyətindən asılı olmayaraq hər bir gəncin ali təhsil imkanlarından yararlanmasına şərait yaradır. Elbrus İsayev bu baxımdan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin tələbələrin təhsil həyatında mühüm rol oynadığını qeyd edib.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov fondun yaradılması, beşillik fəaliyyəti, əsas məqsədləri və nəticələri barədə məlumat verib. O, təhsil kreditinin növləri, yararlanma şərtləri, güzəşt və möhlət imkanları, elektron qeydiyyat qaydaları, məsuliyyətli borclanma və kredit tarixçəsi ilə bağlı məsələləri izah edib.

Görüşdə universitetin İmtahan və qiymətləndirmə sektorunun müdiri, Təhsil Tələbə Krediti üzrə məsul şəxs Elgün Tağıyev proqramın universitetdə tətbiqi və əldə olunan nəticələr barədə məlumat xarakterli çıxış edib. Bildirilib ki, 29 oktyabr 2026-cı il tarixinədək NDU üzrə proqrama 2696 müraciət daxil olub, onlardan 2339-u rəsmiləşdirilib. Bu, müraciətlərin 86,76 faizini təşkil edir. Kreditə yararlı müqavilələrin 1970-i bakalavriat, 369-u isə magistratura səviyyəsi üçün nəzədə tutulub. Qeyd olunub ki, kredit alan tələbələrin sayı 2021/2022-ci tədris ilindəki 128 nəfərdən 2025/2026-cı tədris ilində 748 nəfərə yüksəlib. Nəzərə çatdırılıb ki, tələbələrin 64,94 faizi qadınlar, 35,06 faizi kişilərdir.

Universitetdə tələbələrə elektron platforma üzərindən müraciətlərin hazırlanması, sənədlərin yoxlanılması, təsdiq mərhələsi və müraciətlərin izlənilməsi istiqamətində praktiki dəstək göstərildiyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cabbar Musayev çıxışında Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Sənəddə Naxçıvan Dövlət Universiteti ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Tələbələri dövlət tərəfindən təqdim olunan imkanlardan səmərəli yararlanmağa çağırıb.

NDU-nun Memarlıq fakültəsinin tələbəsi Fidan Hüseynova tələbələr adından çıxış edərək universitetdə təhsil və inkişaf üçün yaradılan imkanlara, Təhsil Tələbə Krediti Fondunun dəstəyinə və dövlət qayğısına görə minnətdarlığını bildirib.

Sonda tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: