NDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Hacıfəxrəddin Səfərlinin yeni nəşrləri təqdim edilib
15.10.2026
09:30
37
Naxçıvan Dövlət Universitetində tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin müəllifi olduğu “Əcəmi Əbubəkr oğlu Naxçıvani: şəxsiyyəti və irsi” kitabının və yenidən işlənərək əlavələrlə təkrar nəşr olunan “Naxçıvan şəhərinin epiqrafik abidələri” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan NDU-nun rektoru Elbrus İsayev hər iki nəşrin elmi əhəmiyyətindən, Naxçıvanın zəngin tarixi-mədəni irsinin öyrənilməsində və təbliğində rolundan danışıb. Rektor görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin həyat və yaradıcılığının araşdırılmasına həsr olunan “Əcəmi Əbubəkr oğlu Naxçıvani: şəxsiyyəti və irsi” kitabının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan memarlıq məktəbinin banilərindən biri olan Əcəmi Naxçıvaninin yaradıcılığının elmi əsaslarla tədqiqi milli memarlıq irsinin tanıdılması, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində nəşr olunan kitab görkəmli memarın irsinin daha dərindən öyrənilməsinə töhfə verir.
Elbrus İsayev elmi redaktoru olduğu “Naxçıvan şəhərinin epiqrafik abidələri” monoqrafiyasının da elmi əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, əsərdə Azərbaycanın və bütövlükdə Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərinin tarixi, 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, günümüzədək qorunub saxlanılan müsəlman epiqrafikası abidələri, eləcə də şəhər muzeylərində nümayiş etdirilən və təsadüfən aşkar olunan kitabələr haqqında ətraflı məlumat verilir.
Bildirilib ki, epiqrafik abidələr Naxçıvanın qədim tarixinin və zəngin mədəni irsinin öyrənilməsində mühüm mənbələrdəndir. Memarlıq abidələri və qəbirüstü daşlar üzərindəki kitabələr inşa tarixləri, sifarişçilər, memarlar, həmçinin dövrün ictimai-mədəni həyatı barədə qiymətli məlumatları özündə əks etdirir.
Beş fəsildən ibarət monoqrafiyada Yusif Küseyir oğlu və Möminə xatın türbələrinin, Qoşa minarəli baştağın, İmamzadə kompleksinin və Came (Cəfəriyyə) məscidinin kitabələri, eləcə də Naxçıvan Dövlət Tarix Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və Açıq Səma Altında Muzeydə qorunan epiqrafik nümunələr tədqiq olunur.
Yeddi fəsildən ibarət “Əcəmi Əbubəkr oğlu Naxçıvani: şəxsiyyəti və irsi” kitabı görkəmli memarın 900 illik yubileyinə həsr olunub. Əsərdə Əcəmi Naxçıvaninin yaradıcılığı, Azərbaycan memarlıq tarixindəki yeri, eləcə də Naxçıvan memarlıq məktəbinin yetirmələri araşdırılıb. Kitabda Prezident İlham Əliyevin şəhərsalma və memarlıq sahəsinin inkişafı, milli memarlıq irsinin qorunması və təbliği ilə bağlı imzaladığı sərəncamlar da əksini tapıb.
Tədbirdə “Azərbaycan tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Xəzər Hüseynov, “Memarlıq” kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova, Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov və digər çıxışçılar nəşrlərin elmi əhəmiyyətindən, Naxçıvanın tarixi-mədəni irsinin tədqiqi və gələcək nəsillərə çatdırılmasında rolundan bəhs ediblər.
Müəllif Hacıfəxrəddin Səfərli kitabların hazırlanmasına göstərilən diqqət və qayğıya, həmçinin təqdimatın təşkilinə görə minnətdarlığını bildirib.
Badəm Əliyeva
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi