Axtarış

AZ EN

An event called "Celebration of Victory" was held at the International Cambridge School

05.11.2026 18:49 163
An event called "Celebration of Victory" was held at the International Cambridge School


Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin Təntənəsi” adlı tədbir keçirilib. Tarixi Qələbəmizin qürurunu, milli birlik və vətənpərvərlik dəyərlərini özündə əks etdirən tədbir şagirdlərin yaradıcılıq nümunələri və zəngin bədii proqramla yadda qalıb.


Tədbir çərçivəsində əvvəlcə “İşıqlı Zəfər” adlı STEAM sərgisinə baxış keçirilib. Sərgidə şagirdlərin hazırladıqları 20-yə yaxın innovativ layihə nümayiş etdirilib. “Zəfərin rəngləri” adlı rəsm sərgisində isə Vətən sevgisini, milli dəyərləri və tarixi Qələbənin qürurunu əks etdirən 30-a yaxın rəsm əsəri təqdim olunub. Həmçinin şagirdlərin əsgər və qazilərimizə ünvanladıqları 50-dən çox məktub sərgilənib.


Tədbirin rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni şagirdlərin ifasında səsləndirilib.


Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək tarixi Qələbənin Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində qazanılan Zəfər milli iradəmizin, gücümüzün və həmrəyliyimizin təntənəsidir.


Rektor şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, qazilərimizin qəhrəmanlığının gələcək nəsillərə örnək göstərilməsinin vacibliyini qeyd edib. Elbrus İsayev müasir təhsilin əsas missiyalarından birinin yalnız bilikli və bacarıqlı deyil, həm də milli kimliyinə, tarixinə və Vətəninə bağlı şəxsiyyətlər yetişdirmək olduğunu diqqətə çatdırıb. Beynəlxalq təhsil mühitində milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayan rektor bu istiqamətdə məktəbin həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.


Beynəlxalq Kembric Məktəbinin direktoru Bayram Əliyev çıxışında Zəfər Gününün xalqımızın milli qürur və birlik rəmzi olduğunu bildirib, şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsinin məktəbin təhsil və tərbiyə fəaliyyətində mühüm yer tutduğunu qeyd edib.


Daha sonra şəhid Bağır Ələkbərovun atası Əsəd Ələkbərov və Vətən müharibəsi qazisi Pərviz Muradov çıxış edərək şəhidlərimizin fədakarlığından, Azərbaycan əsgərinin qəhrəmanlığından və tarixi Zəfərin gələcək nəsillər üçün mənəvi əhəmiyyətindən bəhs ediblər.


Tədbirin bədii hissəsində şagirdlərin ifasında “Can Azərbaycan” və “Şən Azərbaycan” mahnıları, “Şuşanın dağları” musiqili rəqsi, “Qalib Azərbaycan” kompozisiyası və “Zəfər” rəqsi təqdim olunub.


Proqramın ən təsirli məqamlarından biri “Sülhün və Zəfərin əmanəti” adlı səhnəcik olub. Səhnə əsərində tarixi Qələbənin böyük fədakarlıqlar bahasına qazanıldığı, sülhün qorunmasının və gələcək nəsillərin savadlı, vətənpərvər şəxsiyyətlər kimi yetişməsinin əhəmiyyəti bədii şəkildə ifadə edilib.


Sonda şagirdlərin birgə ifasında səsləndirilən “Sülh nəğməsi” ilə yekunlaşıb.

Paylaş: