Naxçıvan Dövlət Universitetində Novruz bayramı xüsusi təntənə ilə qeyd olunub

Ali təhsil ocağının Konservatoriya binasında təşkil edilən tədbirdə universitetin rektoru Elbrus İsayev Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bayramın ölkəmizdə dövlət səviyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, birlik qardaşlıq bayramı olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanımız və qüdrətli ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bayram ruhunun bütünləşən torpaqlarımızda qürur hissi ilə yaşandığını deyən rektor bununla da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun şad olduğunu qeyd edib. Gənclərə milli-mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı tövsiyyə edən Elbrus İsayev hər kəsi bayram münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıb.Bədii rəhbəri və rejissoru Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi  Gülxarə Əhmədova olan tədbir ilk olaraq Musiqi kollecinin nağaraçalanlar ansamblının gözəl ifaları ilə başlayıb. Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib. Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, yumurta döyüşdürməsi maraqla qarşılanıb. NDU-nun Beynəlxalq Məktəbinin şagirdlərinin ifasında “Naz eyləmə” rəqsi, Tibb kollecinin, Texniki kollecinin tələbələrin, Tələbə Teatr Studiyasının Yallı və rəqs qrupunun ifasında Söylə, Xələfi, Köçəri, Tənzərə yallısı milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi hər kəsdə xoş ovqat yaradıb.Tədbirdə həmçinin idmanın güləş növündə təmsil olunan Pedaqoji fakültəsinin tələbələrinin nümunəvi çıxışları sərgilənib.İncəsənət fakültəsinin sərgi salonunda rəngkarlıq, bədii tikmə, dekorativ tətbiqi sənət nümunələri olmaqla 70-dən artıq əl işləri nümayiş olunub. Sərgilənən yaradıcılıq işlərində Novruz bayramının özünəməxsus adət-ənənələri, milli kaloriti əks olunub.Konservatoriyanın akt zalında davam edən konsert proqramında “Xalq çalğı alətləri” kafedrasının “Buta” instrumental ansamblının ifasında bir-birindən gözəl, könüloxşayan mahnılar səsləndirilib.Sonda universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq yallı rəqsini ifa ediblər.Tələbələr milli musiqilərimiz və rəqslərimizi ifa etməklə hər kəsə maraqlı anlar yaşadıblar.Nəzərinizə çatdıraq ki, Novruz şənliyi universitetin Beynəlxalq Məktəbində və universitetin nəzdində fəaliyyət göstərən Texniki Kollecdə davam edib.