Naxçıvan Dövlət Universitetinin əməkdaşları “IQAinAR” layihəsi çərçivəsində Niderland Krallığının Wittenborg Tətbiqi Elmlər Universitetində səfərdədirlər

15-19 aprel tarixlərində NDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova, Strateji inkişaf və keyfiyyət təminatı bölməsi üzrə mütəxəssislər Ayşən Vəliyeva və Lətif Sadıqov Erasmus+ proqramı çərçivəsində icra olunan, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən  “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təlim, tədris və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsinin növbəti təlimlərinə qatılıblar.

Niderland krallığının Wittenborg Tətbiqi Elmlər Universitetinin koordinatoru olduğu layihənin əsas məqsədi ali təhsil müəssisələrində daxili keyfiyyət təminatının və eləcə də, təhsildə təlim-tədris və qiymətləndirmə  proseslərinin təkmilləşdirilməsindən ibarətdir.

Universitetdə keçirilən görüşdə layihənin yerli tərəfdaşları olaraq Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, xarici tərəfdaşları olaraq İspanyanın Mursiya Katolik Universiteti, Niderland Krallığının “456 International B.V” təşkilatı və Wittenborg Tətbiqi Elmlər Universitetindən olan nümayəndələr iştirak ediblər.