Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəallarının layihələri 17000 manat məbləğində qrant qazanıb

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

Qalib layihələr arasında Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri də var. Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının II regional konfransı”, sədr müavini Nilgün Qənbərlinin “Gənc mühəndislərin inkişaf proqramı”, sədr müavini Aytac Allahyarovanın “Milli-mənəvi dəyərlər Forumu” və Tələbə Gənclər Təşkilatının fəalları Salatın Məmmədovanın “Qərbi Azərbaycandan olan gənclərin I Naxçıvan Forumu”, Həsən İsmayılovun “Muxtariyyət-100” mövzusunda Nə? Harada? Nə zaman? intellektual oyunu, Xəyalə Məmmədovanın “Gənc hüquqşünasların inkişaf proqramı” layihələri müsabiqənin qalibi olub.

Qeyd edək ki, Tələbə Gənclər Təşkilatının qeyd edilən 6 layihəsi üzrə  Əziz Qasımov 3000,  Nilgün Qənbərli  2600, Salatın Məmmədova 3100, Aytac Allahyarova 2900, Həsən İsmayılov 2800, Xəyalə Məmmədovaya isə 2600 manat  olmaqla ümumilikdə 17000 manat qrant ayrılıb.