NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Kimya” kafedrasının təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi-nəzəri seminar keçirilib.
“Akademik Yusif Məmmədəliyevin Azərbaycan kimya elmindəki yeri və rolu” mövzusunda təşkil olunmuş seminarda Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov “Neftkimya sənayesinin inkişafında Yusif Məmmədəliyevin rolu” mövzusunda çıxış edərək görkəmli alimin neft-kimya sahəsində apardığı fundamental tədqiqatlardan, praktiki əhəmiyyət daşıyan elmi nailiyyətlərindən bəhs edib. Qeyd olunub ki, Yusif Məmmədəliyevin neftin emalı və kimyəvi məhsulların alınması üzrə işlədiyi elmi-praktiki texnologiyalar bu sahənin inkişafında mühüm mərhələ yaradıb və müasir dövr üçün də aktualdır.
“Kimya” kafedrasının müdiri, dosent Şəmil Mahmudov “Yusif Məmmədəliyev və yüksək oktanlı benzin alınmasına dair araşdırmalar”, kafedranın baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Pərvin Quliyev isə “Yusif Məmmədəliyev və neft karbohidrogenlərinin çevrilmə mexanizmləri” mövzusunda məruzə ilə çıxış ediblər. Bildirilib ki, akademik Yusif Məmmədəliyev tərəfindən aparılan tədqiqatlar ölkəmizdə neft-kimya sənayesinin əsasının qoyulmasında və yüksək keyfiyyətli yanacaq növlərinin istehsalında mühüm rol oynayıb. Alimin neft karbohidrogenlərinin çevrilməsi üzrə təklif etdiyi elmi yanaşmalar bu gün də aktual olaraq elmi dairələrdə istifadə olunmaqdadır.
Badəm Əliyeva
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı