Sabiq Rektorlarımız

1-ci rektor Əli Əliyev

Naxçıvan Dövlət Universitetinin ilk rektoru Əli İbrahim oğlu Əliyev 23 mart 1904-cü ildə Şərur rayonunda anadan olub. 1932-ci ildə Tiflis Zaqafqaziya Kommunist Universitetini bitirdikdən sonra, 1933-cü ildə N.Y.Marr adına Moskva Şərqşünaslıq İnistitutuna daxil olmuşdur. Lakin maddi çətinliklər üzündən təhsilini yarımçıq qoyub Naxçıvana qayıtmış, Naxçıvan Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışmağa başlamışdır. 1938-1941 ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında  təhsil almışdır. 1941-1947 ci illərdə Naxçıvan MSSR Xalq Maarif komissarı,Naxçıvan MSSR Maarif Naziri,1951-1967 illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmışdır. 1967-1970 illərdə Azərbaycan Dövlət Pedaqoji İnistitutunda (indiki Naxçıvan Dövlət Universiteti) Naxçıvan filialının təşkilatçısı və ilk direktoru, sonralar 1970-ci ildən 1980-cı ilədək Naxçıvan Pedaqoi İnistitutunun tarix kafedrasının müdiri olmuşdur.

Tarix elmləri namizədi, dosent Əli Əliyev 04 aprel 1997-ci ildə vəfat etmişdir.

_________________________________________________________________________________________________________________________________________________

2-ci rektor Səfərəli Babayev

Naxçıvan Dövlət Universitetinin ikinci rektoru Səfərəli Yaqub oğlu Babayev 15 mart 1923-cü ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. S.Babayev 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu, sonralar Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunu və Azərbaycan KP MK yanında Respublika Partiya Məktəbini fərqlənmə diplomları ilə bitirmişdir. Azərbaycan Respublikasının Əməkdar elm xadimi S.Babayev Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə elmlər doktoru, professor, Naxçıvan MR-in Əməkdar müəllimi, Azərbaycan Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri, Naxçıvan şəhər Ağsaqqallar Şurasının sədri olmuşdur.

S.Babayev 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

S.Babayev 1940-1947-ci illərdə Babək rayonu Xıncab kənd 7 illik orta məktəbində müəllim, dərs hissə müdiri, direktor, 1948-ci ildən sonra Azərbaycan Gənclər İttifaqı Naxçıvan vilayət komitəsinin ikinci katibi, Naxçıvan Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Nazirlər Soveti Radio Verilişləri və Televiziya Komitəsinin sədri, Nazirlər Soveti sədrinin l-ci müavini, Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının direktoru vəzifələrində işləmişdir. S.Babayev üç çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1972-ci ildən Y.Məmmədəliyev adına Pedaqoji İnstitutunda, sonra Naxçıvan Dövlət Universitetinə çevrilmiş bu ali təhsil müəssisəsində dosent, dekan və kafedra müdiri vəzifələrində çalışmışdır.

AMEA-nın müxbir üzvü Səfərəli Babayev 2003-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir.

_________________________________________________________________________________________________________________________________________________

3-cü rektor İsrafil Məmmədov

Naxçıvan Dövlət Universitetinin üçüncü rektoru İsrafil Allahverdi oğlu Məmmədov 25 iyun 1927-ci ildə Ordubad rayonunda anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini, 1955-ci ildə Azərbaycan Milli EA Kimya İnstitutunun aspiranturasını bitirmiş, 1951-1971-ci illərdə burada kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1971-1972-ci illərdə isə korroziya prosesinin inhibitorlaşdırılması laboratoriyasına rəhbərlik etmişdir. 1972-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun (indiki Naxçıvan Dövlət Universiteti) rektoru olmuşdur.

 

Kimya elmləri doktoru, professor İsrafil Məmmədov 28 oktyabr 1995-ci ildə erməni terrorçuları Bakıda metroda partlayış törədərkən faciəli şəkildə həlak olmuşdur.

_________________________________________________________________________________________________________________________________________________

 

4-cü rektor İsaq Məmmədov

Naxçıvan Dövlət Universitetinin dördüncü rektoru İsaq Mustafa oğlu Məmmədov 24 mart 1925-ci ildə Qubadlı rayonunun Qaracalı kəndində anadan olub. O, 1942-ci ildə kənd orta məktəbini və Şuşa pedaqoji kurslarını bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd sovetinin katibi işləmişdir. İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 1949-cu ildə aspiranturaya qəbul edilmişdi. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra bu təhsil müəssisəsində müəllim vəzifəsinə təyin edilmişdir. İsaq Məmmədov BDU-da 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor adını almışdır.

İsaq Məmmədov 1977–1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978–1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdir. Professor İsaq Məmmədov respublikamızın ictimai həyatında fəal iştirak etmiş, 1980–1985-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmiş, Naxçıvan şəhər rəhbər orqanlarının, müxtəlif müdafiə şuralarının üzvü kimi fəaliyyət göstərmişdir.

Tarix elmləri doktoru, professor İsaq Məmmədov 08 sentyabr 2011-ci ildə vəfat etmişdir.

_________________________________________________________________________________________________________________________________________________

5-ci rektor İsgəndər Cəfərov

Naxçıvan Dövlət Universitetinin beşinci rektoru İsgəndər Həsən oğlu Cəfərov 30 dekabr 1940-cı ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olub. 1957-ci ildə rayonun Sarxanlı kənd orta məktəbini bitirib və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1962-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsinin aspiranturasına daxil olub.

İsgəndər Cəfərov Moskvada namizədlik dissertasiyası müdafiə edib Bakıya qayıtdıqdan sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) fizika kafedrasında baş müəllim kimi əmək fəaliyyətinə başlayıb. Belə ki, Cəfərov 1966-1969-cu illərdə həmin universitetdə baş müəllim vəzifəsində çalışıb. Daha sonra 1969-cu ildə müsabiqə yolu ilə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun nüvə fizikası laboratoriyasında baş elmi işçi vəzifəsinə və az sonra həmin laboratoriyanın müdiri (1969-1985) vəzifəsinə təyin olunub.

Alim 1985-1989-cu illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsini icra edib. Naxçıvanda elm və təhsilin inkişafındakı xidmətlərinə görə İsgəndər Cəfərov dəfələrlə Ali Sovetin fəxri fərmanı ilə təltif edilib. 1989-cu ilin sonunda öz xahişi ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsindən azad edilib və ADPİ-nin Fizika fakültəsinin dekanı vəzifəsinə seçilib. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı kimi fəaliyyət göstərən Cəfərov 1995-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəzəri fizika kafedrasının müdiri vəzifələrində çalışıb.

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor 07 yanvar 2015-ci ildə vəfat edib.

_________________________________________________________________________________________________________________________________________________

6-cı rektor Qasım Hüseynov

Naxçıvan Dövlət Universitetinin altıncı rektoru Qasım Zülfəli oğlu Hüseynov  25 may 1940-cı ildə Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub.

1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini (indiki BDU) fərqlənmə diplomu ilə bitirmişdir. 1963–1969-cu illərdə — AMEA Neft Kimya Prosesləri İnstitutunun aspiranturasında oxumuşdur. 1966–1977-ci illərdə — AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, baş mühəndis, laboratoriya müdirinin müavini və baş elmi işçi vəzifələrində çalışmışdır.

1977-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) baş müəllim, dosent, 1984 — kimya kafedrasının müdiri, 1989–1996-cı illərdə Naxçıvan Dövlət Univeristetinin rektor olmuşdur.

 1996-cı ildən Bakı Dövlət Univeristetinin "Neftkimyası və kimya texnologiyası" kafedrasının professorudur.

2007-dən BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc Istedadlar" Liseyinin direktorudur.

_________________________________________________________________________________________________________________________________________________

7-ci rektor İsa Həbibbəyli

Naxçıvan Dövlət Universitetinin yeddinci rektoru İsa Əkbər oğlu Həbibbəyli 16 oktyabr 1949-cu ildə Noraşen rayonunun Danzik kəndində anadan olub.

1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1971-ci ildən Şərur rayonunda Danzik kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor (1991–1996), Tələbə Elmi Cəmiyyətinin sədri (1968–1971, 1975–1990), 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

2013-cü ilin aprel ayından 2019-cu ilin oktyabr ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 2019–2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, 2020–2022-ci illərdə yenidən vitse-prezidenti seçilmişdir. 2022-ci ilin oktyabr ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Beynəlxalq münasibətlər və insan hüquqları komissiyasına rəhbərlik etmişdir (1998–2005).

III, IV və V çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri olmuşdur. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.

_________________________________________________________________________________________________________________________________________________

8-ci rektor Saleh Məhərrəmov

Naxçıvan Dövlət Universitetinin səkkinci rektoru Saleh Heydər oğlu Məhərrəmov 25 sentyabr 1965-ci ildə İliç rayonunun Alışar kəndində anadan olub.

1982–1987-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1990-cı illərdə aspiranturada oxumuş, 1991-ci ildə Moskvada Ümumittifaq Helmintologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdirivəzifələrində işləmişdir. 2013-2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir.

AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professordur.

_________________________________________________________________________________________________________________________________________________