Tələbələrin hüquq və vəzifələri

Tələbə öz fərdi tədris planını tərtib edərkən bu “Qaydalar”la tanış olmalı və onlara ciddi riayət etməlidir.

4.1. Tələbə öz fərdi tədris planını tərtib edərkən, bu Qaydalarla tanış olmalı və buradakı tələblərə ciddi riayət etməlidir.

4.2. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur.

4.2-1. Tələbənin bu Qaydaların 3.2.17-ci yarımbəndinə müvafiq olaraq müəllim seçmək hüququ vardır.[29]

4.3. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.

4.4. Tələbə bu Qaydaların 6.1-ci bəndinin tələblərinə uyğun olaraq, digər ali təhsil müəssisələrində və AMEA-da müvafiq fənlər üzrə kreditləri qazana bilər. [30]

4.5. Tələbə öz akademik transkriptini ali təhsil müəssisəsindən  AMEA-dan təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər. [31]

4.6. Ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir.[32]