Qaydalar

Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.[3]

1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi;

1.3.2. ali təhsil müəssisəsinin və AMEA-nın tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi;[4]

1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;

1.3.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;

1.3.5. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;

1.3.6. hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;

1.3.7. hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;[5]

1.3.8. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;

1.3.9. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla);

1.3.10. fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.

1.4. Ali təhsil müəssisəsi və AMEA tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır. [6]

1.5. Ali təhsil müəssisələrində və AMEA-da kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənir.[7]

1.6. Bu Qaydalar ali təhsilin əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) və qiyabi təhsilalma formalarına şamil edilir.[8]

1.7. Bu Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ali təhsil müəssisələrinə və AMEA-ya dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə həmin müəssisələr və AMEA tərəfindən ödənişli təhsildən, sahibkarlıq fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər fəaliyyətlərdən əldə olunan vəsaitlər hesabına təmin edilir. [9]

Əsas anlayışlar

 Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir;

 ixtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;

ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;

tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;

 ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir;

müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir;

 tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;

 akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində və AMEA-da tədris məsləhətçisidir;

akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində və AMEA-da müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur;

 Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır;

 prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;

 akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;

 fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin və AMEA-nın müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur;

Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir;

 akademik təqvim – ali təhsil müəssisəsində və AMEA-da tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir;

 müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;

 akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir;

 tədrisə tam cəlb olunma (fulltime) - ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;

 tədrisə qismən cəlb olunma (parttime) - ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;

 cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir;

 aralıq qiymətləndirmə - fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir.[10]