3.4.1. Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
3.4.1.1. akademik borcların ləğv edilməsi;
3.4.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;
3.4.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
3.4.1.4. ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələri və AMEA-nın magistratura səviyyəsinin tələbələrinə, həmçinin AMEA-nın təklif etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.[25]
3.4.2. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.
3.4.3. Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.[26]
3.4.4. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa çatdırılır.
3.4.5. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
3.4.6. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə və ya AMEA-nın Elm və Təhsil İdarəsi təqdim etməlidir və o, bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər. [27]
3.4.7. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.
3.4.8. Bu Qaydaların 3.2.23-cü yarımbəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
3.4.9. Ali təhsil müəssisələrində və AMEA-da yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla).
3.4.10. Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun olaraq müəyyən edilir.
3.4.11. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi və AMEA maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir.
3.4.12. Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyənləşdirilir.
3.4.13. Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12-ci yarımbəndində göstərilənlər istisna olmaqla, ali təhsil müəssisəsinin rektorunun və AMEA-nın prezidentinin əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənilir. [28]
3.4.14. Ali təhsil müəssisələri və AMEA yay semestri təşkilatçılarının və müəllimlərinin ödəniş məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.