Media və ictimaiyyətlə əlaqələr bölməsi

İnformasiya və multimedia əsri sayılan XXI əsr öz gəlişi ilə universitetdə mətbuatın da inkişafını sürətləndirərək onu operativ və dinamik bir sahəyə çevirmişdir. 2000-ci ildə universitetdə mətbuat xidmətinin yaradılması ilə ali təhsil ocağının ictimaiyyətlə əlaqələri qurulmuş, 2009-cu ildə mətbuat xidməti əsasında mətbuat şöbəsinin təşkili bu sahədə fəaliyyəti daha da genişləndirmiş və təkmilləşdirmişdi.

2001-ci ildən universitetdə Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanılması,  2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasının təşkili isə bu sahədə işlərin sistemli və mütəşəkkil aparılmasını şərtləndirmişdi.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi universitetlə KİV arasında əlaqələndirici rolu oynayır. Naxçıvan Dövlət Universitetində elm və təhsil sahəsində baş verən yeniliklər, keçirilən elmi, mədəni-kütləvi tədbirlər, aparılan quruculuq işləri, universitet əməkdaşlarının beynəlxalq konfrans və simpoziumlarda iştirakı, xarici mətbuat orqanlarındakı çıxışları, yeni nəşrlər, mədəniyyət və idman hadisələri barədə operativ informasiya əldə etmək və mətbuatda işıqlandırmaq bölmənin fəaliyyətinin əsasındа dayanır.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi  mətbuat orqanlarının elm və tədris yönlü informasiyalara olan tələbatını ödəyir, milli elmin, təhsilin inkişaf tempinin geniş oxucu kütləsinə çatdırılmasında fəal iştirak edir. Bölmə həm də jurnalistika üzrə təhsil alan bakalavr və magistrlərin peşə təcrübəsi qazanmaları üçün etibarlı bazalardan biridir.

1   Bölmə müdiri
2 Əliyeva Nardanə Nihad qızı Redaktor
3 Məhərrəmov Aqşin Məhərrəm oğlu Böyük Mühəndis
4 Səyyadova Fəxriyyə Fəxri qızı Aparıcı
5 Süleymanov Musa Süleyman oğlu Operator
6 Məmmədova Afaq Məhərrəm qızı Fotoqraf
7 Əhmədov Suat Yusif oğlu

SMM (sosial media mütəxəssisi)

 

 

Bizimlə əlaqə:

İş tel: (+99436) 544-08-61    Daxili: 11-50

Mühəndis – Məhərrəmov Aqşin Məhərrəm oğlu (mjurnalist433@gmail.com)

TELEVİZİYA

27 aprel 2006-cı il tarixdə Azərbaycan təhsil sistemi və regional jurnalistika tarixində ilk dəfə Naxçıvan Dövlət Universiteti “Tələbə” televiziya studiyası fəaliyyətə başlamışdır. Televiziyanın qurulmasında əsasən Amerika, İsveçrə və Türkiyə təcrübəsindən istifadə olunmuşdur. Müasir şəraitdə kabel televiziyası (informasiyanı, proqramı mərkəzi stansiyadan fərdi abonetlərə kabel vasitəsilə çatdıran televiziya sistemi) anlayışını gündəmə gətirən universitet televiziyası ali təhsil ocağının 108 hektarlıq ərazisində yerləşən tədris korpuslarının böyük auditoriyalarında qurulmuş televizorlar vasitəsilə bütün universitet ərazisində yayımlanır.

Naxçıvan MR Nazirlər Kabinetinin 11 oktyabr 2006-cı il tarixli sərəncamı ilə televiziyanın Naxçıvan MR ərazisində yayımlanması üçün müvafiq tezlik ayrılmışdır. Sərəncama müvafiq olaraq Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 20 oktyabr 2006-cı il tarixli şəhadətnaməsi ilə televiziya dövlət qeydiyyatına alınmış, nazirliyin ayırdığı xüsusi tezlik və ayrıca kanalda yayımlanma razılığı televiziya kanalına universitet ərazisindən 10 kilometr olmaqla izlənmə imkanı yaradıb.

Televiziyanın hazırladığı elmi-maarifçilik proqramları tələbə gəncliyin inkişafında önəmli rol oynayır. Universitet televiziyasının 2010-cu ildə Tbilisi şəhərində keçirilən Kentavr beynəlxalq film festivalında iştirakı və uğurlu təmsil olunması tələbə və müəllimlərimizin operator, rejissor və montaj işinə, sənədli filmlərin çəkilişi üçün qoyulan tələblərə daha məsuliyyət və həvəslə yanaşmasını tövsiyə edir.

Universitet televiziyası qloballaşan dünyamızın tələblərindən biri sayılan telekörpü vasitəsilə professor-müəllim heyətinin aktuallıq kəsb edən mühazirələrini, universitetə dəvət almış xarici qonaqların arzu və tövsiyələrini geniş auditoriyaya çatdıraraq özündə yenilik, inkişaf və inteqrasiya kimi anlayışları birləşdirir. Əsas yaradıcı heyəti universitetin Jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarət olan televiziyada qısa müddət ərzində aparıcılar, montajçı və operatorlar, müxbirlər, redaktor və texniki heyət formalaşmışdır.

“Universitet Televiziyası” fəaliyyət göstərdiyi müddətdə bir sıra sənədli filmlər istehsal etmişdir.

  • Akademik İsa Həbibbəylininhəyat və fəaliyyətindən bəhs edən “Vəhdətin dayaq nöqtəsi”
  • Mərhum dosent Abbas Mehdiyevin70 illik yubileyinə töhfə olan “Müdriklik fəlsəfəsi”
  • Tələbə rəssam Arzu Novruzovun yaradıcılığına həsr olunmuş “Rənglər dünyası”
  • “Tələbə” Televiziya studiyasının bir illik fəaliyyətini özündə əks etdirən “Ecazkar mavi işıq”
  • 1997-2016-cı illər ərzində NDU-nun “Qeyrət” nəşriyyatının direktoru vəzifəsində işləmiş, tarix elmləri namizədi, mərhum şair-publisit Vaqif Məmmədovahəsr olunmuş “Vətən sığır ürəyimə”
  • Universitetin reallaşdırdığı, beynəlxalq əhəmiyyətli “Elektron Naxçıvan” layihəsindən bəhs edən “Dünyaya virtual pəncərə”
  • Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, universitetin “Fortepiano” kafedrasının müdiri, professor Səidə Məmmədovanın anadan olmasının 70 illiyi münasibətilə çəkilən “Bir ömrün simfoniyası”
  • “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu”

Bu gün də televiziyanın efirində əlamətdar tarixi günlərlə bağlı verilişlər çəkilir, universitet mühitində baş verən proseslər tamaşaçı auditoriyasına çatdırılır.

Universitet heyəti ilə birlikdə onu xarici səfərlərdə müşayiət edən tələbə operator və müxbirlər  İran İslam Respublikasının Təbriz, Urmiya, Türkiyənin İğdır, Qars, İzmit, Kocaeli və digər şəhərlərindən, Rusiyanın Moskva, Novosibirsk, Cənubi Koreyanın Seul, Busan və Kimçonq şəhərlərindən çəkdikləri görüntüləri və görüşləri videolentin yaddaşına köçürməklə yerli televiziya auditoriyasını məlumatlandırmaqda və bu görüşləri tarixin yaddaşına çevirməkdədirlər. Universitet televiziyasında formalaşan jurnalistlər Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, eləcə də digər telekanallar üçün yetkin kadr sayılmaqla gələcək fəaliyyətlərinin təməlini möhkəmlətməkdədirlər.

Məlum olduğu kimi, universitetin Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA)  ilə birgə həyata keçirdiyi “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi uğurla tamamlanmışdır ki, layihənin ikinci mühüm tərkib hissəsi məhz rəqəmsal multimedia infrastrukturu ilə bağlı idi. Layihə çərçivəsində “Tələbə” televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açıb. Bu məqsədlə televiziya müasir texnologiyalarla təchiz olunub, burada virtual studiya quraşdırılıb. Yeni qurulmuş sistem idarəetmə, server otağından və studiya otaqlarından ibarətdir. Sistemin qurulmasında əsas məqsəd universitetdə distant təhsilə keçid və elektron universitetin yaradılması ilə bağlıdır. İdarəetmə otağında kontentlər – videodərslər xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılır, universitetin internet portalındakı müəllimlər üçün ayrılmış “Elektron mühazirə” bölməsinə yerləşdirilir. Artıq 2018-ci ilin yanvarından universitet 4 xarici dil müəllimliyi (ingilis, rus, fransız, alman) ixtisasları üzrə distant təhsili həyata keçirir. Hazırda “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımlanır.

“NUHÇIXAN” RADİOSU

Naxçıvan Dövlət Universitetində “Nuhçıxan” radiosu 20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlayıb. Radionun yaradıcı heyəti universitetin Jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir. Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. Gələcəyin jurnalistləri olacaq tələbələr üçün bu radio əsl formalaşma məktəbidir. “Nuhçıxan” radiosu universitetlə yanaşı 10 km ərazidə də yayımlanır. Texniki baxımdan müasir avadanlıq və vasitələrlə təchiz olunan radio-televiziya studiyasında tələbələrdə həm texniki, həm də yaradıcılıq vərdişlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Teleradio studiyasının otaqları istər televiziya, istərsə də radio kanalları üçün müasir cihazların istehsalı üzrə ixtisaslaşmış şirkətlərin ən son yayım avadanlıqları, işıqlandırma sistemləri, eləcə də keyfiyyətli səs və yayım siqnalının əldə olunması məqsədilə zəruri texniki avadanlıqlarla təchiz olunub.

Əsas ideyamız tələbələrin jurnalistə lazım olan vərdişləri özünün qazanmasıdır. Çünki yayım mediası ortamında məhz tələbələrə yönəlmiş bir kanalın olması böyük avantajdır. Universitet televiziyası və radiosunun digərlərindən fərqi ondadır ki, elm, təhsil, tədris proseslərini hədəf kimi götürür. Universitetin Jurnalistika və kitabxanaçılıq ixtisasının tələbələri təcrübi olaraq Media mərkəzində fəaliyyət göstərirlər. Jurnalist tələbələrin gələcəkdə peşəkar kadr kimi formalaşmasında “Tələbə” televiziyası, “Nuhçıxan” radiosunun fəaliyyəti təqdirəlayiqdir. Universitetdə keçirilən müxtəlif tədbirlərin işıqlandırılması, tarixi günlər, ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri, universitetdə mövcud olan fakültələrin fəaliyyəti ilə birbaşa əlaqəsi olan verilişlərin hazırlanması tələbələrin gələcək perspektivlərinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Jurnalist ixtisasında təhsil alan tələbələrlə bərabər digər ixtisaslardan olan və bu sahəyə xüsusi marağı olan tələbələrin seçilib dəyərləndirilməsi Media mərkəzinin əsas fəaliyyət istiqamətidir.

Bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. Universitetdə mövcud olan Media mərkəzi də dövlətin xüsusi qayğısı sayəsində Azərbaycan, Naxçıvan mediasının ənənələrini özünə fəaliyyət istiqamət kimi götürür və fəaliyyət göstərir.

“YENİ FİKİR” QƏZETİ

Keçmiş Sovetlər Birliyi respublikalarının ali məktəblərində geniş yayılmış çoxtirajlı qəzetlərin nəşr edilməsi ənənəsi müəllimlərin və tələbələrin yaradıcılıq fəallığına imkan yaratmaqdan çox mövcud cəmiyyətin ideologiyasını təbliğ etmək məqsədinə xidmət edirdi. Müstəqillik ərəfəsində həmin qəzetlər tarixi yaddaşın bərpası, milli dövlətçilik ənənəsinin dirçəldilməsi, soykökə qayıdış, adət-ənənələrə ehtiram göstərilməsi kimi ideyalar ətrafında ziyalı mövqeyinin təbliğatında mühüm rol oynadılar.

Naxçıvan Dövlət Universitetinin birinci sayı 15 oktyabr 1991-ci ildə çap edilmiş “Fikir” adlı qəzeti də həmin milli-tarixi proseslərin işığında meydana çıxmışdır. Azərbaycan SSR Dövlət Mətbuat Komitəsinin 5 sentyabr 1991-ci il tarixdə verilmiş 330 saylı qeydə alınma şəhadətnaməsi əsasında nəşrinə icazə alınmış “Fikir” qəzeti Azərbaycan ali təhsil sistemində region universitetində çap olunan ilk mətbuat orqanı idi. Azərbaycan SSR Nazirlər Sovetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun əsasında Naxçıvan Dövlət Universitetinin yaradılması da “Fikir” qəzetinin meydana çıxmasında mühüm rol oynadı. Universitet statusu qazanması ali məktəbin çoxtirajlı qəzetinin çıxmasına təminat verən əsas faktorlardan biri idi.

O zaman Naxçıvan Dövlət Universitetinin mətbuu orqanının “Fikir” adlandırılması vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru Aleksey Osipoviç Çernyayevskinin  həmin seminariyanın Naxçıvandan olan məzunu Əliməmməd Xəlilovla birlikdə Tiflisdə  nəşr etdirmək istədikləri, lakin çapına nail ola bilmədikləri “Fikir” adlı maarifçi qəzetin adını yaşatmaq, ənənəsini davam etdirmək məramı ilə əlaqələndirilmişdi. Qəzetin 12 noyabr 1991-ci il tarixli ikinci sayında dərc edilmiş “Fikir” qəzeti – 98 il sonra” adlı məqalədə eyni zamanda bu mətbuat orqanı “fikirləşməyi, düşünüb müqayisə etməyi, nəticə çıxarmağı bacaranlar üçün söz kürsüsü” kimi də səciyyələndirilir. Beləliklə, “Fikir” qəzeti Naxçıvan Muxtar Respublikasında ali məktəb müəllimləri və tələbələrinin mətbuat tribunası kimi 1997-ci ilədək fəaliyyətini davam etdirərək maariçi düşüncənin inkişafına kömək etmiş, universitet həyatının salnaməsini yaradır.

Sonrakı illərdə Avropa universitetlərinə inteqrasiya sayəsində Qərb ali məktəblərində qəzetlərin deyil, informasiya bülleteni tipli jurnalların nəşr edilməsi təcrübəsinə istinad edilərək Naxçıvan Dövlət Universitetində “Fikir” qəzetinin bazasında eyni adlı informasiya bülleteninin çap edilməsi qərara alınmışdır. Ötən illər ərzində “Fikir” informasiya bülleteni uğurla Naxçıvanda ali məktəbin elmi-maarifçi mühitinin gedişatını işıqlandırmaqda davam etməkdədir. Beləliklə, Naxçıvan Dövlət Universitetində çoxseriyalı “Elmi əsərlər” jurnalı və “Fikir” informasiya bülleteni ilə yanaşı, ali məktəb qəzetinin də fəaliyyətinə ehtiyac yaranmışdır. Xüsusən də  universitetdə Jurnalistika ixtisası istiqamətində bakalavr və magistr pillələri üzrə kadr hazırlığının mövcud olması da gələcəkdə həm də qəzet nəşri sahəsində çalışacaq yeni nəsil mətbuat işçiləri üçün tələbəlik illərində ilkin təcrübə qazanmaq baxımından da qəzetin çap edilməsi zəruri bir amil kimi meydana çıxır. Bütün bunlara görə Naxçıvan Dövlət Universitetində “Fikir” informasiya bülleteninə əlavə kimi “Yeni fikir” adlı ali məktəb qəzetinin nəşri məqsədəuyğun sayılır.

1 aprel 2011-ci ildə ilk nömrəsi işıq üzü görmüş “Yeni fikir” qəzeti 20 il əvvəl Naxçıvan  Dövlət Universitetində nəşrə başlamış “Fikir” qəzetinin davamıdır, yəni yeni mərhələnin “Fikir” qəzetidir. Bu qəzet zəruri məlumatlarla yanaşı xarakterinə görə “Fikir” informasiya bülletenində gedə bilməyən bədii-publisist yazılara da meydan açan mətbuat orqanıdır. “Yeni fikir” eyni zamanda Jurnalistika ixtisasının müəllimləri və tələbələri, habelə taleyini mətbuatla bağlamaq istəyən hər kəs üçün peşə məktəbi funksiyasını da həyata keçirməkdədir. Gələcək jurnalistlər bu qəzetin nəşri vasitəsilə publisistika sənətkarlığının xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də mətbəə ilə əlaqəli çalışmaq vərdişlərinə yiyələnmək, maket qurmaq, fotojurnalistikanı mənimsəmək baxımından münasib imkanlar qazana bilirlər. “Yeni fikir” universitet mühitindəki elmi-maarifçi baxışların ədəbi-publisist düşüncə ilə zənginləşdirilməsinə də xidmət edir.

“Yeni fikir” qəzetinin baş redaktoru Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  Şəhla Kifayət qızı Şirəliyevadir.

1 aprel 2011-ci ildə ilk nömrəsi işıq üzü görmüş “Yeni fikir” qəzeti 20 il əvvəl Naxçıvan  Dövlət Universitetində nəşrə başlamış “Fikir” qəzetinin davamıdır, yəni yeni mərhələnin “Fikir” qəzetidir. Bu qəzet zəruri məlumatlarla yanaşı xarakterinə görə “Fikir” informasiya bülletenində gedə bilməyən bədii-publisist yazılara da meydan açan mətbuat orqanıdır. “Yeni fikir” eyni zamanda Jurnalistika ixtisasının müəllimləri və tələbələri, habelə taleyini mətbuatla bağlamaq istəyən hər kəs üçün peşə məktəbi funksiyasını da həyata keçirməkdədir. Gələcək jurnalistlər bu qəzetin nəşri vasitəsilə publisistika sənətkarlığının xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də mətbəə ilə əlaqəli çalışmaq vərdişlərinə yiyələnmək, maket qurmaq, fotojurnalistikanı mənimsəmək baxımından münasib imkanlar qazana bilirlər. “Yeni fikir” universitet mühitindəki elmi-maarifçi baxışların ədəbi-publisist düşüncə ilə zənginləşdirilməsinə də xidmət edir.

“Yeni fikir” qəzetinin baş redaktoru Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  Şəhla Kifayət qızı Şirəliyevadir.