“NUHÇIXAN” RADİOSU

Naxçıvan Dövlət Universitetində “Nuhçıxan” radiosu 20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlayıb. Radionun yaradıcı heyəti universitetin Jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir. Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. Gələcəyin jurnalistləri olacaq tələbələr üçün bu radio əsl formalaşma məktəbidir. “Nuhçıxan” radiosu universitetlə yanaşı 10 km ərazidə də yayımlanır. Texniki baxımdan müasir avadanlıq və vasitələrlə təchiz olunan radio-televiziya studiyasında tələbələrdə həm texniki, həm də yaradıcılıq vərdişlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Teleradio studiyasının otaqları istər televiziya, istərsə də radio kanalları üçün müasir cihazların istehsalı üzrə ixtisaslaşmış şirkətlərin ən son yayım avadanlıqları, işıqlandırma sistemləri, eləcə də keyfiyyətli səs və yayım siqnalının əldə olunması məqsədilə zəruri texniki avadanlıqlarla təchiz olunub.

Əsas ideyamız tələbələrin jurnalistə lazım olan vərdişləri özünün qazanmasıdır. Çünki yayım mediası ortamında məhz tələbələrə yönəlmiş bir kanalın olması böyük avantajdır. Universitet televiziyası və radiosunun digərlərindən fərqi ondadır ki, elm, təhsil, tədris proseslərini hədəf kimi götürür. Universitetin Jurnalistika və kitabxanaçılıq ixtisasının tələbələri təcrübi olaraq Media mərkəzində fəaliyyət göstərirlər. Jurnalist tələbələrin gələcəkdə peşəkar kadr kimi formalaşmasında “Tələbə” televiziyası, “Nuhçıxan” radiosunun fəaliyyəti təqdirəlayiqdir. Universitetdə keçirilən müxtəlif tədbirlərin işıqlandırılması, tarixi günlər, ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri, universitetdə mövcud olan fakültələrin fəaliyyəti ilə birbaşa əlaqəsi olan verilişlərin hazırlanması tələbələrin gələcək perspektivlərinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Jurnalist ixtisasında təhsil alan tələbələrlə bərabər digər ixtisaslardan olan və bu sahəyə xüsusi marağı olan tələbələrin seçilib dəyərləndirilməsi Media mərkəzinin əsas fəaliyyət istiqamətidir.

Bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. Universitetdə mövcud olan Media mərkəzi də dövlətin xüsusi qayğısı sayəsində Azərbaycan, Naxçıvan mediasının ənənələrini özünə fəaliyyət istiqamət kimi götürür və fəaliyyət göstərir.