Naxçıvan Dövlət Universitetində Karyera sərgisi açılıb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə karyera sərgisinin açılış tədbiri
keçrilib.
Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində təşkil olunan sərgidə
incəsənət fakültəsinin rəqs kollektivi sərgi iştirakçılarını maraqlı ifa ilə
qarşılayıblar.
Universitetin rektoru Elbrus İsayev sərginin təşkilinə göstərdikləri dəstəyə
görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
Səlahiyyətli Nümayəndəliyi və Nazirlər Kabinetinə, eləcə də sərgidə fəal
iştiraklarına görə digər dövlət qurumlarına və özəl təşkilatlara təşəkkürünü bildirib.
Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının
100-cü ildönümündə keçirilən sərginin məqsədi gənclərin dövlət və özəl sektorda
ixtisasına uyğun işlə təminatını asanlaşdırmaq və etibarlı kadr təminatı
yaratmaqdır. Bu baxımdan sərginin universitet məzunları üçün yaxşı bir fürsət
olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin bu
günədək 40 minə yaxın məzunu olub. Onların 75 faizindən çoxu ixtisasına uyğun
işlə təmin olunub. Bu il isə universiteti 1600 məzun bitirir. Ötən illərin və cari ilin
məzunları, eləcə də digər şəxslərin sərgidə fəal iştirakı mühüm nəticələrin əldə
olunmasına əminlik yaradır.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli sərginin işini qarşıya
qoyulmuş perspektiv hədəflər baxımından yüksək qiymətləndirib. Bu hədəflər
barədə məlumat verən Samir Seyidəhmədli qeyd edib ki, “Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət
Proqramı”nda müəyyənləşdirilən 11 prioritet istiqamətin əksəriyyətini sosial
məsələlər və məşğulluq probleminin həlli təşkil edir. 
Təşkil olunan karyera sərgisi də bu yöndə atılan addımlara mühüm dəstəkdir.
Səlahiyyətli nümayəndənin müavini bildirib ki, yeni dövrün çağırışlarına
cavab verən ixtisaslı kadrların formalaşdırılmasında Naxçıvan Dövlət
Universitetinin böyük imkanları vardır və bu imkanlar daha da genişləndirilir.
Dövlət qurumları əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr təminatı
baxımından ali təhsil ocağı ilə faydalı əməkdaşlıqda maraqlı olmalıdırlar.

Samir Seyidəhmədli bu cür birgə tədbirlərin təşkilini həm əhalinin məşğulluğunun,
həm də tələbə-gənclərin ixtisasına uyğun işlə təmin olunması baxımından mühüm
platforma kimi dəyərləndirib, sərginin işinə uğurlar arzulayıb, məzunları fəal
iştiraka dəvət edib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov bildirib ki,
Naxçıvan Dövlət Universiteti həm təhsilin keyfiyyətinə, həm də məzunların əldə
etdiyi nailiyətlərə görə ən mötəbər təhsil müəssisələrindən birinə çevrilib. Bu da
Naxçıvanın perspektiv inkişafı üçün böyük uğurlar vəd edir. Təşkil edilən tədbir də
Naxçıvan Dövlət Universiteti məzunlarının muxtar respublikanın müxtəlif dövlət
və özəl təşkilatlarında karyeralarını qurmaq və davam etdirmələrinə hədəflənib.
Baş nazir vurğulayıb ki, kadr potensialının gücləndirilməsində yeni
keyfiyyət mərhələsindəyik. Xüsusilə dövlət müəssisələri öz heyətinin
gəncləşdirilməsində, müasir dövrün tələblərinə uyğunlaşmış bacarıqların cəlb
edilməsində böyük maraq göstərir. Əmək bazarında rəqabət məhz müasir dövrün
tələbləri ilə dinamik hərəkətdədir. Data analitikası, transformasiya, dünyanın
dekarbonizasiya gündəliyi, habelə bir sıra yumşaq bacarıqlar bu rəqabətin əsas
hərəkətverici qüvvəsidir.
Ceyhun Cəlilov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-
iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda insan
kapitalının inkişafı əsas meyar götürülüb. Proqram çərçivəsində Naxçıvan Muxtar
Respublikasının əmək bazarının intensiv inkişafı nəzərdə tutulur ki, bu da
perspektivdə iqtisadiyyatın daha rəqabətədavamlı dayanqlı modeli ilə
nəticələnməsinə gətirib çıxarır. Buna görə də əmək bazarının yeni tələblərinə
uyğun etibarlı kadr bazası formalaşmalıdır. Karyera sərgisinin təşkilində də məqsəd
dövlət müəssisələrinin və özəl şirkətlərin Naxçıvan Dövlət Universiteti ilə
əməkadşlığını genişləndirmək və nəticədə perspektiv əmək potensialını öz
imkanlarımız hesabına təmin etməkdir. Ceyhun Cəlilov bu işlərin yerinə
yetirilməsində hər kəsə uğurlar arzulayıb.
Sonra karyera sərgisinə baxış olub.
Məlumat verilib ki, sərgidə 2000-dən çox gənc üçün iş və təcrübə imkanları
təqdim edilib. Məşğulluğa dəstək məqsədilə keçirilən sərgidə universitetin
əməkdaşlıq etdiyi 32 dövlət qurumu və 8 özəl şirkət müxtəlif ixtisaslar üzrə
vakansiya və təcrübə proqramları təqdim ediblər. O cümlədən Naxçıvan Dövlət
Universiteti tərəfindən 48 vakant yer iştirakçılara təklif edilir. Bir neçə gün davam
edəcək karyera sərgisində bu gün 4000-dən çox gəncin müraciəti qeydə alınıb.