Muxtariyyətinin 100-cü ildönümünə həsr edilmiş konfransdan öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qonaqlara görkəmli dövlət xadiminin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.
Konfransda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq qeyd edib ki, ali təhsil ocağında belə konfransların keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir.
Vurğulanıb ki, səhiyyənin inkişafının başlıca şərtlərindən biri təhsilin keyfiyyətli təşkil edilməsidir. Rektor bu cür konfransların keçirilməsinin birgə təcrübə mübadiləsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Muxtar respublikada tibb təhsilininin əsasının qoyulmasının birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Elbrus İsayev bildirib ki, Naxçıvan səhiyyəsinin tibbi kadrlara olan ehtiyacını ali təhsil ocağının Tibb fakültəsi qarşılayır.
Çıxışda həmçinin diqqətə çatdırılıb ki, Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında universitetin nəzdində tibbi tədqiqat klinikasının yaradılması layihəsi də öz növbəsində muxtar respublikada tibb təhsilinə göstərilən dövlət qayğısının ən bariz nümunəsidir.
Elbrus İsayev tədqiqatların və fikir mübadiləsinin aparılmasının faydalı olacağına inamını ifadə edib, forumun işinə uğurlar arzulayıb.
Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri, Rusiya Seçenov adına Tibb Universitetinin Bakıdakı filialının Terapiya kafedrasının dosenti Gülnarə Ağayeva çıxışında sədrlik etdiyi ictimai birlik haqqında konfrans iştirakçılarına məlumat verib.
Gülnarə ağayeva çıxışında tibb elmi üçün aktual olan belə bir mövzuda konfransın keçirilməsinə yaxından dəstək göstərildiyi üçün universitetin əməkdaşlarına, professor-müəllim heyətinə təşəkkürünü bildirib.
Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov vurğulayıb ki, bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, laparoskopik, endoskopik və robotik cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir. Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır. Günümüzdə bilik və təcrübə ehtiyaclarının ödənilməsi üçün müasir texnologiyaların, müalicə metodlarının, yanaşmaların təhlil edilməsi vacibdir. Bu baxımda keçirilən bu konfrans olduqca əhəmiyyətə malikdir.
Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli belə konfransların keçirilməsinin ölkəmizdə bir ənənəyə çevrildiyini qeyd edib. Bildirilib ki, bugünkü konfransa da silsilə tədbirlərin davamı kimi baxmaq olar. NDU ilə bu cür elmi konfransların təşkili tibbi kadrların yetişdirilməsində müstəsna rola malikdir. Düşünürəm ki, biz gələcəkdə də müxtəlif aktual mövzularda bu cür müştərək konfranslar və konqreslər keçirəcəyik.
Sonra konfransın proqramında “Autoimmun hepatitlər-diaqnostika və müalicəsi”, “Şəkərli diabet və qaraciyər xəstəlikləri-yaxın qohumlar birliyi”, “Uşaqlarda qaraciyər xəstəliklərinin səbəbləri”, “Uşaqlarda mədə-bağırsaq xəstəliklərində endoskopiyanın əhəmiyyəti”, “Qida borusu və mədənin varikoz genəlmiş venalarının endoskopik müalicəsi” və digər mövzular üzrə çıxışlar dinlənilib.
Qeyd edək ki, konfrans 2 gün davam edib.