Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası ilə İğdır Universiteti Kitabxanası arasında “Zoom” platforması üzərindən onlayn əməkdaşlıq görüşü təşkil olunub. Görüşün məqsədi hər iki ali təhsil müəssisəsi arasında təcrübə mübadiləsinin aparılması, elektron resursların mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.
NDU Elmi Kitabxanasının direktoru dosent Xumar Məmmədova universitet kitabxanasının fəaliyyəti, EBSCO, Clarivate, Taylor& Francis beynəlxalq elektron bazalara çıxış imkanları və istifadəçilərə göstərilən digər xidmətlər barədə məlumat verib.
İğdır Universiteti Kitabxanasının direktoru İbrahim Kabalak və digər əməkdaşları isə çıxışlarında kitabxananın müxtəlif istiqamətlərə uyğun formalaşmış zəngin fondu, müəllim - tələbə heyəti üçün nəzərdə tutulmuş elektron resursları haqqında çıxış ediblər.
Universitetin rektor köməkçisi professor Dr. Hakan Sevinç çıxışında rektorun salamını çatdıraraq kitabxanalararası yaranmış əməkdaşlığı yüksək qiymətləndirərək qeyd edib ki, yaxın zamanda resurs mübadiləsinə başlanılması məqsədəuyğundur. O, müasir kitabxana modelinə uyğun xidmətlərin qurulmasının vacibliyinin də danışıb.
Görüşdə ali məktəb kitabxanalarının rəqəmsal dövrdə yeni funksiyaları, qarşılıqlı layihə imkanları və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə olunub.
Badəm Əliyeva
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı