Naxçıvan Dövlət Universitetinin (NDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq ticarət və menecment kafedrasının 12, Ərzurum Atatürk Universitetinin 10 əməkdaşının ortaq müəlliflikləri ilə hazırlanan "Zengezur koridoru: Türkiye -Azerbaycan-Nahçivan ekonomik, dış ticaret ve lojistik bağlantıları " adlı məqalələr toplusunun təqdimatı keçirilib.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov çıxışında təqdimatı keçirilən kitabı Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi baxımından dəyərli mənbə kimi qiymətləndirib. Bildirilib ki, buradakı məqalələrdə Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvanla, eləcə də, Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyəti aydın nəzərə çarpır. Bu baxımdan, təqdim edilən kitabda “Zəngəzur dəhlizinin iqtisadi və geosiyasi əhəmiyyəti”, “Zengezur koridorunun açılması halinde Doğu Anadolu bölgesine olası etkileri” mövzularını xüsusi qeyd etmək olar.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.ü.f.d., dosent Əşrəf Ələkbərov, Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, i.ü.f.d., dosent Cavadxan Qasımov, i.ü.f.d.,dosent Bulqeyis Novruzova və i.ü.f.d., dosent İradə Bağırova, Elmi Kitabxananın direktoru, f.ü.f.d., dosent Xumar Məmmədova kitab haqqında fikirlərini bölüşüblər. Bildiriblər ki, 456 səhifəlik topluda dəhlizin geosiyasi əhəmiyyəti və gələcək perspektívləri təhlil edilib, ətraflı və elmi cəhətdən əsaslandırılmış məqalələr yer alıb.
Qeyd edək ki, məqalələr toplusu NDU ilə Ərzurum Atatürk Universiteti arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində əldə olunan ikitərəfli anlaşma əsasında hazırlanılıb.
Badəm Əliyeva
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı