Naxçıvan Dövlət Universitetinin kollektivi sərgi-satış yarmarkasında iştirak edib

Naxçıvan Dövlət Universitetinin kollektivi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev Sarayında təşkil olunan məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasında iştirak edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın iştirak etdiyi sərgidə 300-dən çox müəllifin 10 mindən artıq əl işi nümayiş etdirildiyi bildirilib. Universitetin stendinin də yer aldığı sərgidə ali təhsil ocağının kollektivi bütün nümayiş olunan sənət nümunələri ilə yaxından tanış olub.

Rektor Elbrus İsayev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində muxtar respublikada keçirilən müxtəlif tədbirlər sırasında yer alan bu sərgi-satış yarmarkası mahiyyət etibarı ilə həssas və çox uğurlu layihədir. Burada sərgilənən rəsm və əl işlərinin ictimai nümayişi məhdud fiziki imkanlı şəxslərə dəstək və özlərinə inamlarını artırmaq baxımından olduqca önəmli təşəbbüsdür. Həm də istedadlı qadınların bacarıqlarının üzə çıxarılması, tanıdılması, fəaliyyətlərinin dəstəklənməsi yönündə mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sərgidə universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrası müəllimlərinin, “Rəngkarlıq”, “Təsviri incəsənət” müəllimliyi ixtisaslarında təhsil alan tələbələrin də hazırladığı əl işləri nümayiş etdirilib. 22 ədəd yağlı boya ilə işlənmiş rəsm əsəri, 20 ədəd bədii tikmə nümunəsi, 4 ədəd muncuqla hazırlanmış əl işi, 3 ədəd ağac üzərində yağlı boya əsəri və 3 ədəd vitraj nümunəsi olmaqla ümumilikdə 52 ədəd əl işi sərgidə yer alıb. Həmçinin NDU-nun Texnologiya Mərkəzinin  müəllim və tələbələrinin 200-ə yaxın əl işləri də sərgidə təqdim olunub. Deokrativ tətbiqi sənətin müxtəlif növlərindən toxuma, bədii tikmə, xalçaçılıq, eləcə də mozaika sənəti və təkrar emaldan hazırlanan əl işləri sərgi iştirakçılarının diqqətini çəkib.

Qeyd edək ki, sərgi  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir və qadınların, eləcə də məhdud fiziki imkanlı şəxslərin istedadlarının üzə çıxarılmasına, sosial fəallıqlarının artırılmasına xidmət edir.