Naxçıvan Dövlət Universitetində YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktiki konfrans keçirilib

Naxçıvan Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr olunan “Milli Qurtuluşdan Suverenliyə gedən yol” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir Ümummilli lider Heydər Əliyev və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, azərbaycançılıq məfkurəsi xalq-iqtidar-ordu birliyinin möhkəmləndirilməsində mühüm ideoloji dayaqlardan biridir. Bu məfkurə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, milli kimlik və dövlətçilik prinsiplərinin formalaşmasında böyük rol oynayır. Tələbələrin təhsili, intellektual inkişafı, dövlətə sədaqət və sağlam siyasi təfəkkür ruhunda yetişdirilməsi universitetin əsas prioritetlərindəndir. Vurğulanıb ki, bu ilk təşkilatı fərqləndirən əsas xüsusiyyət onun tərkibində ziyalıların, eləcə də partiya və  ölkə üçün mühüm əhəmiyyət kəsb edən fəal gənclərin çoxluq təşkil etməsidir. Nəzərə çatdırılıb ki, partiyanın gələcəyinin təmin olunması, mövqelərinin qorunması və daha da gücləndirilməsi məhz bu gənclərin üzərinə düşür. Onların fəallığı və təşəbbüskarlığı partiyanın uğurlu inkişafında həlledici rol oynayır.

YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli “Milli Qurtuluşdan Suverenliyə: Yeni Azərbaycan Partiyası” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP müstəqil dövlətçiliyin və ümummilli maraqların qorunması naminə cəmiyyətin bütün təbəqələrini səfərbər edən siyasi təşkilat kimi formalaşıb. Qeyd olunub ki, 2005-ci ildə keçirilmiş III Qurultaydan sonra YAP-ın sədri seçilən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkə regionun ən güclü dövlətlərindən birinə çevrilib. Partiya bu il fəaliyyətinin 33-cü ildönümünü qeyd edir və YAP üzvləri bu illər ərzində xalqa xidmət və fədakarlıq nümunəsi göstəriblər.

Daha sonra YAP Universitet Ərazi Təşkilatının sədri Bəhruz Məmmədov “Tarixi zəfərdən dövlət suverenliyinə: siyasi iradə, hərbi güc və milli həmrəylik” mövzusunda çıxış edib. Naxçıvan Dövlət Universitetinin professoru Hacıfəxrəddin Səfərli isə “30 yaşlı Konstitusiya və suverenliyin bərpası” mövzusunda məruzə edib.

“Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə IV kurs tələbəsi Saleh Zamanov “Yeni Azərbaycan Partiyası xalqın inam ünvanıdır” mövzusunda çıxış edərək gənclərin partiyaya olan etimadından danışıb.

Sonda YAP-ın 33-cü ildönümü münasibətilə partiya üzvlərinin mükafatlandırılması, eləcə də partiyaya yeni qəbul olunan üzvlərə üzvlük biletlərinin təqdim olunması mərasimi keçirilib. Tədbir YAP-ın 33 illiyinə həsr olunmuş videoçarxın nümayişi və partiyanın himninin səsləndirilməsi ilə yekunlaşıb.

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı