Görüşdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının müasir tədris imkanları, professor-müəllim heyəti üçün yaradılan şəraitdən bəhs edib. Rektor ali təhsil ocağının çoxşaxəli beynəlxalq əlaqələrin önəmini qeyd edərək, xarici universitetlərlə qurulan səmərəli əməkdaşlıqları diqqətə çatdırıb. Vurğulanıb ki, tələbəyönümlü siyasət aparan Naxçıvan Dövlət Universitetində bu sahədə həyata keçirilən işlərin davamı, əcnəbi müəllimlərin ali təhsil ocağında tədrisə cəlb olunmasıdır. Qeyd olunub ki, 2024-2025-ci tədris ilində universitetdə təlim,tədris və tədqiqat fəaliyyətləri ilə məşğul olmaq üçün Yaponiya, Amerika və Türkiyə olmaqla dünyanın üç ölkəsindən 16 nəfər əcnəbi professor-müəllim heyəti universitetdə kadr potensialının artırılması, xarici təcrübənin öyrənilməsi, tədqiqat bacarıqlarının möhkəmləndirilməsi və universitetlər arası akademik əməkdaşlığın gücləndirilməsi məqsədilə tədrisə cəlb olunublar. Elbrus İsayev bildirib ki, bütün bunlar tələbəyönümlü siyasət aparan universitetdə təhsilalanların savadlı, peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır. Görüşdə araşdırma sahələrinin genişləndirilməsinin vacibliyi, eyni zamanda əcnəbi professorların universitet əməkdaşları və tələbələrlə birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.
Qars Qafqaz Universitetinin professoru İsa Özaydın, İstanbul Universiteti-Cərrahpaşanın dosenti Aysel Ərsoy, həmin universitetin professoru Rüya Şamlı, Kayseri Universitetinin professoru Mürsəl Karabacak və digər müəllimlər keçirilən dərslər və tələbələrin hazırlıq səviyyəsi haqqında məlumat veriblər.
Qeyd olunub ki, qardaş ölkə Türkiyənin nüfuzlu ali təhsil ocaqları ilə qurulan səmərəli beynəlxalq əməkdaşlıqlar çərçivəsində, tələbə-müəllim mobilliyinin həyata keçirilməsi tələbələrin təhsildə bilik, bacarıq və vərdişlərinin formalaşdırılması üçün ideal zəmin yaradıb.