Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illik yubileyi münasibəti ilə “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransı və “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfransı çərçivəsində Tibbi aksiyalar keçirilib.
Tibb konfransları çərçivəsində ənənəvi olaraq təşkil edilən ödənişsiz müayinələr 29-30 may tarixlərində Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi, Naxçıvan Sağlamlıq Mərkəzi və Referans Naxçıvan Tibb Mərkəzində baş tutub.
Tibbi aksiyalar Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunmuş nüfuzlu həkimlər, eyni zamanda NDU Tibb fakültəsinin məzunlarının iştirakı ilə reallaşıb.
Aksiyada onkoginekoloq, ginekoloq, neonatoloq, onkoloq, hepatoloq, uroloq-transplantoloq, uşaq cərrahı, dermatovenoloq, ümumi cərrah, plastik cərrah və neyrocərrah kimi müxtəlif ixtisaslara malik 25 nüfuzlu həkim təmsil olunub.
Qeyd edək ki, həkimlər tərəfindən pasiyentlərə ilkin diaqnozlar qoyulub, konsultasiyalar və müalicə tövsiyələri verilib.