Ali təhsil ocağının Elmi Kitabxanasında “Milli irs və gənclik Heydər Əliyev yolunda” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, çıxışında miras buraxılan torpaqlara sahib çıxmağın və vətənpərvərlik hissini gənclərə aşılamağın vacibliyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin irsindən danışan prorektor, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gəncliyin inkişafı üçün gördüyü işlərdən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekanı, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov, Naxçıvanın sosial-iqtisadi inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi rolunu vurğulayıb. O, həmçinin 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı universitetdə təşkil edilmiş tədbirlərdən danışıb. Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfranslar, sərgilər, mühazirələr və mədəni proqramlar həyata keçirilib.
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru Xumar Məmmədova Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətdə olduğu illərdə milli-mədəni irsimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, vurğulayıb ki, Ümumilli Liderin təşəbbüsü ilə o dövrdə yaradılmış kitabxana fondunda milli ədəbiyyat nümunələrinin toplanması mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Dövlət Universiteti Tələbələrlə iş və tədbirlərin təşkili bölməsinin müdiri Hüseyn İmanov 1997-ci ildə Heydər Əliyevin fərmanı ilə 2 fevral tarixinin Azərbaycanda “Gənclər Günü” elan edilməsini xüsusi vurğulayıb. O qeyd edib ki, bu addım Heydər Əliyevin gənclərə olan diqqətinin və inamının ən bariz göstəricisidir.
Naxçıvan Dövlət Universiteti Tarix ixtisası III kurs, Heydər Əliyev təqaüdcüsü Əziz Vəliyev çıxış edərək, Ulu Öndərin gənclərlə bağlı yeritdiyi siyasətin nəticəsində göstərilən diqqət və dəstək onun təhsilində və inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sonda tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.