Ali təhsil ocağında İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının “Xatun” qızlar ansamblının Naxçıvan Muxtar Respublikasının 100, Ümumilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konserti keçirilib.
Konsertin repertuarına “Xatun” qızlar ansamblının, Konservatoriyanın müəllim və tələbələrinin müşaiyəti ilə Hüseyn Abdullayev “Azərbaycan”, Fikrət Əmirov “Kompozisiya”, Rauf Hacıyev “Əhməd haradadır?” kinofilmindən papuri-ifa, Ramiz Mirişli “Səndən danışdı”, Cahangir Cahangirov “Alagöz”, Aygün Səmədzadə “Yarpaqlar titrəsə” və digər ifalar tamaşaçıların zövqünü oxşayıb. Qeyd edək ki, sözügedən ansamblın bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyevadır.
Maraqla qarşılanan konsert proqramından sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu cür tədbirlər gənclərin incəsənət sahəsindəki bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Rektor qeyd edib ki, "Gənclər xalq çalğı alətlərimizin tarixini bilməlidirlər, çünki milli alətlərimiz milli mədəniyyətimizin ayrılmaz hissəsidir”. Rektor belə tədbirlərin tələbələrin milli mədəniyyətimizə bağlılığını artırmaqla yanaşı, onların yaradıcılıq potensialını da gücləndirdiyini diqqətə çatdırıb.
Sonda Elbrus İsayev İncəsənət fakültəsinin fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində uğurlar arzu edib.