Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Zəfər gününə həsr olunmuş “Vətən uğrunda ölənlər ölümündən doğular” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, universitetin müəllim və tələbələri iştirak edib.
Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov vurğulayıb ki, şəhid ailələrinə hörmət və ehtiram, onların övladlarının Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqlar xalqın yaddaşında əbədi olaraq qalacaq. Qeyd edilib ki, universitetdə şəhid ailələri və qazilərlə mütəmadi görüşlər təşkil olunur ki, bu da tələbələrə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır. Bildirilib ki, şəhid ailələrinin universitetdə vətənpərvərlik mövzusunda keçirilən dərslərində tələbələrə, qəhrəman vətən oğullarının torpaq sevgisi və döyüşdəki şücaətlərindən bəhs edilir.
Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxışında şəhid ailələri və qazilərə dərin ehtiramını ifadə edib. O, şəhidlərimizin qəhrəmanlığın və onların ailələrinin göstərdiyi fədakarlığın hər bir azərbaycanlı üçün bir nümunə olduğunu vurğulayıb. qeyd edilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərin xatirəsi daim əziz tutulur və onların ailələrinə mənəvi dəstəyin göstərilməsi universitetin əsas məqsədlərindəndir.
Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova çıxış edərək, oğlunun və bütün şəhidlərimizin Azərbaycan uğrunda göstərdiyi igidliyin hər bir ailə üçün əvəzolunmaz qürur mənbəyi olduğunu qeyd edib. Şəhid anası olaraq yaşadığı fəxarət hissindən danışan Gülşad Rüstəmova bildirib ki, bu qəhrəmanlıq nümunələri gənc nəslin yaddaşında daim yaşayacaq və onlar üçün ilham qaynağı olacaq. Şəhid anası universitet rəhbərliyinə və tədbirin təşkilatçılarına bu kimi görüşlərin keçirilməsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, şəhidlərin xatirəsi hər zaman yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir.
“Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğının həm dövlət, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, oğlunun və digər şəhidlərin canını fəda edərək qazandığı Zəfərin gələcək nəsillərə bir miras olduğunu bildirib. Şəhid atası qeyd edib ki, şəhidlərin xatirəsinin əziz tutulması və onların ailələrinə daim dəstək göstərilməsi vətənpərvərlik ruhunu gücləndirən mühüm bir amildir.
Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov şəhidlərimizin vətən uğrunda göstərdiyi qəhrəmanlığın hər bir azərbaycanlı üçün bir ilham mənbəyi olduğunu qeyd edib. Bildirilib ki, şəhidlərin xatirəsini yaşatmaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur. O, Naxçıvan Dövlət Universitetində şəhid ailələri ilə keçirilən görüşlərin gənclərdə vətənpərvərlik hissini gücləndirdiyini vurğulayıb və belə tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.
“Naxçıvan Qazilər” İctimai Birliyinin sədri Ceyhun Bayramov qəhrəman əsgərlərimizin keçdiyi çətin və şərəfli döyüş yolundan bəhs edib. O, düşmənin təxribatlarına və gözlənilməz hücumlarına qarşı əsgərlərimizin sürətli və cəsarətli reaksiyasının qələbədə mühüm rol oynadığını vurğulayıb. Diqqətə çatdırılıb ki, igidlərimizin göstərdiyi qəhrəmanlıqlar yalnız qələbəyə deyil, həm də xalqımızın milli ruhunun güclənməsinə töhfə verib.
Sonra Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbələri bədii qiraət nümunələri ilə çıxış ediblər və NDU Elmi Kitabxanasının könüllüsü Arzu Hüseynovanın çıxışı dinlənilib.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda videoçarx izlənilib.