Naxçıvan Dövlət Universitetinin yeni loqosu ictimaiyyətə təqdim edilib

Loqonun təqdimatında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus
İsayev çıxış edərək bildirib ki, öz dövrünə görə vizuallıq baxımından müxtəlif
meyarlara uyğun olsa da zaman keçdikcə universitetin loqosunun dəyişilməsi və
daha müasir standartlara cavab verən, zamanın tələblərinə uyğun olan yeni bir
loqonun ərsəyə gəlməsi üçün müəyyən bir zərurət yaranmışdı. Bu məqsədlə bir
ildən artıq davam edən müsabiqəyə 100-dən artıq təqdimat qəbul edilib.
Müsabiqənin səsverməsinin sorğu şəklində keçirildiyini bildirən rektor loqotipin
təkliflərini ictimaiyyətdən, həmçinin NDU kollektivi üzvlərindən alındığını qeyd
edib.
Elbrus İsayev vurğulayıb ki, yeni loqo kifayət qədər sadədir. Loqoda
Naxçıvanın rənglərinə üstünlük verilib. Loqo hazırlanarkən Naxçıvanın özünün
təbii, orijinal təbiətdən aldığı və min illərdir abidələrimiz üzərində yaşayan təbii
rəngləri yenidən kəşf etdik. Eyni zamanda loqomuzda həm tələbə yönümlülük,
eyni zamanda təhsil, tədqiqat, innovasiya mövzusu nəzərə alınıb. Loqotipimiz
gələcək elmi, innovasiyanı təşviq edən, onu simvolizə edən bir göstərici kimi bu
gün kollektivimizə, ictimaiyyətə təqdim olunur. Əminəm ki, bu loqonun işığında
NDU bundan sonra daha böyük uğurlara imza atacaq
NDU-nun şöbə müdiri Vüsal Novruzov universitetin yeni loqosunu təqdim
edərək qeyd edib ki, loqodakı rəng seçimiləri - firuzə mavisi Naxçıvanın təbiətini,
qızılı isə günəşli torpaqları xatırladır. Dizaynda istifadə olunan müasir və
minimalist üslub, universitetin yeniliklərə açıq olduğunu və müasir təhsil
metodlarının tətbiqi barədə ilkin rəy yaradır. Loqo universitet ağacı
konsepsiyasında yığılıb. Loqoda yer alan meyvə və çiçəklər məzunları, tələbələri
simvolizə edir.
Vüsal Novruzov çıxışı zaman söyləyib ki, loqoda əks olunan bütün
ornametnlər elmi simvolizə edir. İnsanın mərkəzdə dayanması isə insan mərkəzli,
tələbə mərkəzli bir təhsil sistemi və qurum olduğunu göstərir. Yeni loqo
universitetin təhsil, tədqiqat və innovasiya imkanlarını yaradıcılıq elementləri
fonunda özündə birləşdirir.
Qeyd edək ki, sürətlə modernləşən NDU-da həyata keçirilən kompleks
tədbirlər yeni dövrün universitetinə çevrilmək məqsədinə xidmət edir.