NDU-da “Nuh yurdunun qəhrəmanları” adlı kitabın I hissəsinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Nuh yurdunun qəhrəmanları” adlı kitabın 
I hissəsinin təqdimat mərasimi olub. Tədbirdə şəhid valideynləri, Naxçıvan Muxtar Respublikasının deputatları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov şəhdlərimizin qəhrəmanlığını əbədiləşdirəcək layihələrin əhəmiyyətindən söz açıb , ali təhsil ocağında şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin təşkil edildiyini bildirib. "Nuh yurdunun qəhrəmanları" adlı kitabın igid oğullarımızın şücaətini, vətən sevgisini gələcək nəsillərə çatdırılmasında  mühüm material olduğuna diqqət çəkib, şəhidlərimizin fədakarlığının əziz tutulmasını hamımızın borcu olduğunu qeyd edib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Emin Sadiqovun anası, kitabın layihə rəhbəri Gülşad Rüstəmova kitabın ilk hissəsinin şəhid İslam Eyvazov, Abbasəli İsmayılov, Bağır Ələkbərov, İbrahim Qasımov və Elməddin Meydanovun xatirəsinə ithaf olunduğunu, onların ömür hekayələrinin, gələcək nəsillərə örnək olacaq şücaətlərinin işıqlandırıldığını bildirib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı, qazi Ceyhun Bayramov da çıxış edərək, şəhid oğullarımızın qəhrəmanlıqlarından bəhs edən kitabın işıq üzü görməsini yüksək qiymətləndiriblər.

Şəhid Zülfü Rzayevin anası Mehparə Rzayeva, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədr müavini, şəhid Bağır Ələkbərovun atası Əsəd Ələkbərov, Memarlıq və Mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov şəhidlərin daim xatırlanmasının vacibliyini vurğulayıb, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbir tələbələrin bədii qiraətləri ilə davam edib. Sonda müəlliflər tədbirə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Ardınca Tərlan Məhəmmədqızı, "Nuh yurdunun qəhrəmanları" layihəsinin tərtibçiləri adından prorektor Elsevər Əsədova xatirə plaketi təqdim edib.

Qeyd edək ki, kitabın müəllifləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Gülşad Rüstəmova, Naxçıvan MR-nın Əməkdar müəllimi Tərlan Məhəmmədqızı və NDU-nun Energetika mühəndisliyi üzrə I kurs tələbəsi Aytac Cümşüdovadır.