20-23 may tarixlərində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərliyi ilə universitetin nümayəndə heyəti İordaniya Haşimilər Krallığına səfər edib. İordaniyaya səfər çərçivəsində rektor Azərbaycan Respublikasının İordaniyadakı Səfirliyində olub, Azərbaycanın Əmmandakı səfiri Eldar Səlimov ilə görüşüb.
Görüşdə səfir Eldar Səlimov Azərbaycan-İordaniya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi bildirilib, ölkələrimiz və dövlət başçılarımız arasındakı münasibətlərin dost, qardaş münasibətləri olduğunu vurğulayıb.
Rektor Elbrus İsayev görüşdən məmnunluğunu ifadə edib, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində NDU-nun da təşəbbüskar tərəf olaraq iştirakda maraqlı olduğunu ifadə edib. Bu istiqamətdə perspektivlər, xüsusilə əcnəbi tələbələrin cəlbinə dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra səfirlikdə təşkil edilmiş “Qərbi Azərbaycan Mədəni irsi” adlı sərginin açılış mərasimi keçirilib. Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən biri, tədqiqatçı, əntiq əşyalar və şərq xalçaları üzrə mütəxəssis Məhəmməd Əl-Bağdadinin kolleksiyasından seçilmiş, Qərbi Azərbaycan mədəni irsinin zənginliyini, orijinallığını və tarixi dərinliyini əyani şəkildə nümayiş etdirən tekstil, zərgərlik, metal məmulatları, tarixi sikkələr və digər əşyalar sözügedən sərgidə nümayiş olunub. Ekspozisiyada Qərbi Azərbaycan ərazisində yaşayan soydaşlarımızın istifadə etdikləri XVIII-XIX əsrlərə aid məişət və bəzək əşyaları, silah və zirehlər, milli geyimlər, Qərbi Azərbaycan xovlu və xovsuz xalçaları, həmçinin 1654-1720-ci illər ərzində İrəvanda zərb olunmuş Səfəvilərə aid 5 ədəd sikkə nümayiş etdirilib.
Eyni gündə rektor Elbrus İsayev İordaniya Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin müavini - baş katib Mamun Əl-Dəbai ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov, NDU-nun nümayəndə heyəti, o cümlədən nazirliyin və səfirliyin bir sıra rəsmiləri iştirak ediblər.
Əl-Dəbai Azərbaycan nümayəndə heyətini salamlayaraq, İordaniya ilə Azərbaycan arasında dərin köklərə malik qarşılıqlı əlaqələrdən danışıb. NDU və Əl Əl Beyt Universiteti arasında ali təhsil, tələbə-müəllim mübadiləsi, elmi tədqiqatlar sahəsində əlaqələrin tənzimlənməsi və inkişaf etdirilməsi üçün imzalanan əməkdaşlıq müqaviləsinin önəmli mahiyyət kəsb etdiyini ifadə edib. İordaniya ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin qəbul qaydaları, onlara təklif olunan imkanlar ilə bağlı məlumatlardən bəhs edib. O, həmçinin Ərəb dili və İslam hüququ ixtisaslarını öyrənmək istəyən qeyri-ərəb dilli ölkələrdən olan müsəlman tələbələrə universitet təhsil haqlarının ödənilməsində İordaniya tələbələri ilə bərbabər şəkildə təklif olunan qaydaları diqqətə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev səmimi qəbula və qonaqpərvərliyə görə Əl-Dəbaiyə minnətdarlıqlarını bildirib, ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına yönəldiyini qeyd edib. Rektor vurğulayıb ki, NDU-da beynəlmiləlləşmə əsas strateji inkişaf prioritetləri sırasında yer alır və dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var. Əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında ön sırada qərarlaşır ki, hazırda ali təhsil ocağında 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır. Universitetdə azərbaycan dili ilə yanaşı tədrisi ingilis dilində olan ixtisaslar da var. Rektor vurğulayıb ki, universitetdə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar, birgə proqramların təşkili, beynəlxalq tələbə-müəllim mübadiləsi, universitetlər arasında beynəlxalq təcrübənin öyrənilməsi kimi məsələlər gündəmdə saxlanılır. Əcnəbi universitetlər ilə ortaq kadr hazırlanması sahəsində mühüm əhəmiyyət kəsb edən ikili diplom proqramları, beynəlxalq təlimlər və beynəlxalq əməkdaşlıqda yeni layihələrin reallaşamsı yönündə geniş fəaliyyət təşkil olunur. Bu fəaliyyətlər çərçivəsində İordaniyanın Əl Əl Beyt Universiteti ilə qurulan əməkdaşlıq da xüsusi mahiyyət kəsb edir, irəliyə doğru yeniliklər nəzərdə tutulur. Xüsusilə ali təhsil və elmi tədqiqatlar sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, müxtəlif ixtisaslar üzrə iordaniyalı professorların tədrisə cəlbi, ərəb dili ixtisasında akademik və tələbə mübadiləsinin, ortaq tədqiqatların planlaşdırıldığını diqqətdə çatdırıb.Rektor Elbrus İsayev və baş katib Əl-Dəbai NDU-nun ixtisaslarının İordaniyada akkreditasiyası ilə bağlı məsələləri müzakirə ediblər.
Sonda görüşdən xatirə olaraq qarşılıqlı hədiyyələr təqdim edilib və foto çəkilib.