“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) çərçivəsində Naxçıvanda səfərdə olan tərəfdaş universitetlərin nümayəndə heyəti Naxçıvanın tarixi-mədəni irsi ilə yaxından tanış olub.
Əvvəlcə qonaqlar Naxçıvanın möcüzəvi şəfa ocağı olan Duzdağ Müalicə Mərkəzinə səfər ediblər. Gəzinti zamanı duz mədənlərində yaradılmış mərkəzin unikallığı, müalicəvi əhəmiyyəti, burada yaradılan şərait, eləcə də duz divarlarda çəkilmiş rəsm əsərləri ilə bağlı qonaqlara ətraflı məlumat verilib.
Daha sonra qonaqlar Naxçıvanın dünyaca məşhur, möcüzəvi və sirli məkanlarından olan Əshabi-Kəhf ziyarətgahını ziyarət ediblər.
Ardınca iştirakçılar Ordubad rayonunda - Zəngəzur dəhlizinə yaxın ərazidə yerləşən Kotam kəndinə səfər ediblər. Qonaqlar kəndin tarixi keçmişi, coğrafi əhəmiyyəti haqqında məlumat əldə ediblər.
Dübəndidə təşkil olunan çay fasiləsi zamanı qonaqlara Ordubad mətbəxinə xas milli kulinariya nümunələri təqdim olunub.
Ordubadın Sərşəhər və digər qədim məhəllələrinə səfər edən qonaqlar şəhərin tarixi memarlıq mühiti, qədim yaşayış ənənələri və özünəməxsus şəhərsalma xüsusiyyətləri ilə yaxından tanış olub, Qeysəriyyə muzeyini, tarixi məhəllə meydanlarını və qədim küçələri ziyarət ediblər.
I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) çərçivəsində təşkil olunan bu səfər konfransın əsas məqsədlərinə uyğun olaraq, mədəni irsin yalnız elmi müstəvidə müzakirəsini deyil, həm də onun real məkanlarda nümayişini təmin edib. Beləliklə, iştirakçılar Naxçıvanın tarixi və mədəni dəyərləri ilə birbaşa yaxından tanış olub, dayanıqlı turizm yanaşmalarının tətbiqini yerində müşahidə etmək imkanı əldə ediblər.




