Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində “Oğuz Elinin Novruzu” adlı təntənəli bayram şənliyi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Dədə Qorqudun və Bahar qızının səhnəyə gəlişi tədbirə rəmzi və milli ab-hava qatıb.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Beynəlxalq Kembric Məktəbində təhsil Kembric sisteminə əsaslansa da, milli dəyərlərin qorunması, yaşadılması bizim üçün hər zaman ön plandadır. Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edən rektor bütün tədbir iştirakçılarını, məktəb kollektivini bayram münasibətilə təbrik edib.
Şənlik çərçivəsində “Bahar gəlir”, “Bənövşə”, “Bahar xoş gəlib Azərbaycana” mahnıları və “Tənzərə yallısı”, “Cəngi” rəqsi kimi milli rəqs nömrələri təqdim olunub. Kosa və Keçəl obrazlarının məzəli çıxışları, xanın gəlişi tamaşaçılarda xoş ovqat yaradıb.
Tədbirdə xalqımızın zəngin folklor nümunələri təqdim olunub. Novruz ənənələrindən olan “Fincan oyunu” tamaşaçılar tərəfindən maraqla izlənilib.
Bayram şənliyi tonqalın qalanması və iştirakçıların birlikdə oynadığı “Yallı” rəqsi ilə başa çatıb.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi
3.jpg)
.jpg)


