İlber Ortaylının Naxçıvanda kitab imza günü: Professor şagirdlər və tələbələrlə görüşüb

22 sentyabrda Türk dünyasının tanınmış tarixçisi, böyük elm xadimi İlber Ortaylının Naxçıvan səfəri çərçivəsində Naxçıvan Dövlət  Universitetinin Beynəlxalq Kembric Məktəbində kitab imza günü keçirilib. 

Görüşdə ali təhsil ocağının rəhbər heyəti, müəllim-tələbələri, şagirdlər və media nümayəndələri iştirak ediblər. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək  qeyd edib ki, tanınmış elm adamı İlber Ortaylının səfəri ali təhsil ocağı üçün olduqca xüsusi önəm daşıyır. Bu görüş tələbə və müəllimlərin intellektual dünyagörüşünü zənginləşdirir, gənclərin elmə, araşdırmaya və yaradıcı düşüncəyə marağını daha da artırır. Professor İlber Ortaylı sosial, tarixə dair çıxışlarında hər zaman toplumu məlumatlandırıb. Yazdığı əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub. Kitabları oxunma səviyyəsinə görə geniş oxucu auditoriyası olan alimimizdir.

 

Sonra universitetin fəlsəfə elmələri doktoru, professor Məmməd Rzayev və tarix üzrə fəlsədə doktoru, dosent Emin Şıxəliyev yazıçı İlber Ortaylının yaradıcılıq yolu və əsərləri haqqında danışıblar.

 

Daha sonra İlber Ortaylı çıxışında onun haqqında yüksək fikirdə olan tarixçi alimlərə təşəkkür edərək Naxçıvan Dövlət Universiteti barədə xoş təəssüratlarını dilə gətirib. Muxtar respublika uzun illərdir, blokada da yaşamasına baxmayaraq, elm və təhsil yüksək səviyyədə inkişaf edib. Burada çox gözəl gələcəyi olan savadlı gənclər yetişir. Tarixboyu belə mühitlərdə yaşayan insanlar daha fədakar olur və oxumağa daha çox maraq göstəriblər. Çox şadam ki, Naxçıvanda  elmli insanlar daha çoxdur. Xüsusilə qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Ali təhsil ocağında yaradılan imkanlar məni çox fərəhləndirdi.

Elbrus İsayev xatirə olaraq qonağa yağlı boya ilə çəkilmiş portretini hədiyyə edib. 

Professor çıxışdan sonra media nümayəndələrinin ona ünvanladığı sualları cavablandırıb.

Kitab imza günü yazıçı İlber Ortaylının oxucuları ilə görüşərək kitablarını imzalamaqla başa çatıb.

Qeyd edək ki, tanınmış tarixçinin Naxçıvan proqramı davam edir. Günün sonunda İlber Ortaylı Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında dəvət olunmuş yerli ictimaiyyətlə görüşəcək.