Estrada Orkestri NDU-da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış edib

18.05.2026

Estrada Orkestri NDU-da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış edib

          Naxçıvan Dövlət Universitetində Naxçıvan Musiqi Kollecinin Estrada Orkestrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub.

          Bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, universitetin müəllimi Səməd Əsgərov olan konsert proqramı Cavanşir Quliyevin “Fəryad filmindən “Marş” əsəri ilə başlayıb. Konsertdə Polad Bülbüloğlunun “Gəl, ey səhər”, Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan” və “Təkcə ümid qalsın”, Eldar Mansurovun “Bayatılar”, Şəfiqə Axundovanın “Həsrətindən”, Ceyms Hornerin “Titanik” kinofilmindən “Sevgi ölməzliyi”, Tofiq Əhmədovun “Azərbaycanım mənim”, Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, Ramiz Mirişlinin “Azərbaycan, dünyam mənim” və Tofiq Quliyevin “Dostluq mahnısı” kimi əsərləri ifa olunub.

          Qeyd edək ki, Estrada Orkestri 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov tərəfindən yaradılıb, 2022-ci ildən yenidən fəaliyyətini davam etdirir. Hazırda kollektiv 26 gənc musiqiçidən ibarətdir.

          Musiqi nömrələri kollecin tələbə və müəllimlərinin ifasında təqdim edilib, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

          Universitetin rektoru Elbrus İsayev çıxışında konsertdə səsləndirilən əsərlərin milli musiqi irsinin təbliği və gənc nəslin estetik zövqünün formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O həmçinin Estrada Orkestrinin çıxışını yüksək qiymətləndirib, uğurlu təqdimat üçün orkestr heyətinə təşəkkür edib.

          Sonda xatirə fotosu çəkdirilib.