Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov rektorun adından iştirakçıları salamlayaraq bildirib ki, universitetdə bütün sahələrdə olduğu kimi, idmanın inkişafı istiqamətində də məqsədyönlü strategiyalar hazırlanıb və icrasına başlanılıb. Prorektor qeyd edib ki, idman sahəsində maddi-texniki baza yenilənir, o cümlədən yaradılan müasir idman infrastrukturu tələbə-idmançıların istifadəsinə verilir.
“Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri, dosent Valeh Əlixanov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən və keçdiyi şərəfli inkişaf yolundan bəhs edib.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən vətənpərvərlik ruhunu əks etdirən idman nömrələri nümayiş etdirilib.
Sonda Pedaqoji fakültənin komandası ilə universitetin yığma komandası arasında mini futbol oyunu keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Pedaqoji fakültənin komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.




