Naxçıvan Dövlət Universitetində “Akademik məqalələrin yazılması metodikası”na həsr olunan seminar keçirilib

20.12.2021

Naxçıvan Dövlət Universitetində “Akademik məqalələrin yazılması metodikası”na həsr olunan seminar keçirilib

Ali təhsil ocağının Elmi Kitabxanasında universitetin magistrant və bakalavrlarının iştirak etdiyi tədbiri kitabxananın direktoru Fariz Əhmədov açaraq seminarın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, seminarda akademik məqalələrin yazılma qaydası, texnikasının ətraflı izah edilməsi nəzərdə tutulub. 

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubov elmi məqalənin quruluşu, xüsusiyyətləri, sturukturu, mahiyyəti, üslubu, mövzusunun seçilməsi və bir sıra mühüm məsələləri qeyd edib. Bildirilib ki, tələbələr elmi məqalə yazmaqla yazı vərdişlərini inkişaf etdirməyi, təcrübi biliklərini elmi tərəfdən yazı formasına salmağı öyrənirlər. Həmçinin diqqətə çatdırılıb ki, akademik məqalələrin yazılması magistrantların müstəqil elmi fəaliyyət bacarıqının təkmilləşdirməsi, onlara şəxsi yaradıcılıq keyfiyyətlərinin formalaşdırılması istiqamətində yol göstərir. Nicat Yaqubov eyni zamanda tələbələrə elmi və publisistik məqalənin fərqini və yazılma qaydasını izah edib.

“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimi, “Qeyrət” nəşriyyatın direktoru Samir Tarverdiyev akademik məqalələrin yazılmasının texniki tərəflərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Vurğulanıb ki, məqalənin dizaynı, şriftlərin ölçüsü, səhifələrdəki sətirlərin sayı, sətirlərarası interval akademik məqalələrin düzgün yazılmasında ən önəmli məqamlardandır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.