Tədbirdən əvvəl birinci sinif şagirdlərinin sulu boya ilə çəkdikləri rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq belə tədbirlərin uşaqların yaradıcılıq qabiliyyətlərinin formalaşmasında, özünəinamının artırılmasında və istedadlarının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb. Rektor məktəbin fəaliyyətini, tətbiq olunan müasir tədris metodlarını, şagirdlərin yaradıcı və analitik düşünmə bacarıqlarının inkişafına xidmət edən layihələri yüksək qiymətləndirib. Bildirib ki, məktəbdə şagirdlər ingilis dilində təhsil alsalar da, azərbaycançılıq ideologiyasına, milli adət-ənənələrə və mənəvi dəyərlərə sadiqlik əsas prioritet kimi qorunur. Elbrus İsayev birinci sinif şagirdlərini Əlifba bayramı münasibətilə təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının elm və təhsil naziri Elxan Nəcəfov çıxış edərək şagirdləri təbrik edib, onların hərtərəfli inkişafında müasir təhsil mühitinin və yaradıcı fəaliyyətlərin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, bu cür tədbirlər uşaqların istedadlarının üzə çıxarılmasına, yaradıcılıq bacarıqlarının inkişafına, həmçinin onların milli və ümumbəşəri dəyərlər əsasında formalaşmasına mühüm töhfə verir. Bildirib ki, təhsil yalnız akademik biliklərin mənimsədilməsi ilə məhdudlaşmır, eyni zamanda şəxsiyyətin hərtərəfli inkişafını da əhatə edir.
Beynəlxalq Kembric Məktəbinin direktoru Bayram Əliyev çıxışında məktəbin bu il ərzində əldə etdiyi uğurlardan və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritet istiqamətlərdən bəhs edib. O, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq təcrübənin genişləndirilməsi məqsədilə xarici müəllimlərin məktəbə cəlb olunması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Ardınca məktəbin akademik koordinatorları Fabian Chavez və Angela Lara çıxış edərək bildiriblər ki, “Məktəblilərin Yaradıcılıq Günü” şagirdlərin bacarıqlarını, incəsənətə olan sevgilərini və yaradıcılıq potensiallarını nümayiş etdirdikləri xüsusi bir gündür. Qeyd olunub ki, Beynəlxalq Kembric Məktəbi müasir təhsil standartlarını, innovativ yanaşmaları, milli-mənəvi dəyərləri və yaradıcı təfəkkürün inkişafını öz fəaliyyətində uğurla birləşdirir.
Övladlarının yaradıcılıq uğurlarına şahidlik edən valideynlər adından çıxış edən Emil Səfərov məktəbdə yaradılan şəraitə, tədris prosesində göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Tədbirin bədii hissəsində Beynəlxalq Kembric Məktəbinin birinci sinif şagirdlərinin ifasında “Wollerman” və “Macarena” rəqsləri nümayiş olunub. Şagirdlərin hazırladıqları “Məktəbdə bir gün” adlı pantomim tamaşası maraqla qarşılanıb. “Əhməd haradadır” filminin musiqisi sədaları altında təqdim edilən “Üzümçülər” rəqsi, eləcə də vokal qrupunun ifasında səslənən “Sizə salam gətirmişəm” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bədii hissə çərçivəsində məktəbin 6-cı sinif şagirdi, müxtəlif incəsənət müsabiqələrinin laureatı Murad Qafarov fortepianoda Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa edib. Ardınca görkəmli bəstəkar Tofiq Quliyevin musiqisi əsasında hazırlanmış vals rəqsi təqdim olunub.
Tədbirin bədii hissəsi “Sükutun səsi” adlı final kompozisiyası ilə başa çatıb. Vətənpərvərlik ruhunda hazırlanan kompozisiyada uşaqların vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı və gələcəyə inamı bədii vasitələrlə ifadə olunub.
Sonda tədris ili ərzində yüksək nəticə göstərən şagirdlər təltif olunub.
Badəm Əliyeva
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi


