Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetinə akademik səfər həyata keçirib

26.06.2026

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetinə akademik səfər həyata keçirib

Naxçıvan Dövlət Universiteti ilə Yıldız Texniki Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində elm, təhsil və innovasiya sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, xüsusilə biotexnologiya istiqamətində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetinə akademik səfər həyata keçirib.

Səfərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı Fakültəsinin dekanı, professor Daşqın Qənbərov, Biologiya kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Bəhruz Bayramov və Universitetin Biotexnologiyalar Mərkəzinin müdiri Əli Quliyev iştirak ediblər.

Səfərin əsas məqsədi Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Biotexnologiyalar Mərkəzinin maddi-texniki bazasının və elmi-tədqiqat imkanlarının təkmilləşdirilməsi, müasir biotexnoloji metodların tətbiqi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, həmçinin biotexnologiya istiqamətində tədris olunan ixtisasların beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilməsi olub.

 Ziyarət çərçivəsində nümayəndə heyəti Yıldız Texniki Universitetinin müasir tədris laboratoriyaları, elmi-tədqiqat mərkəzləri və Biotexnologiya Araşdırmaları Kompleksi ilə yaxından tanış olmuşdur. Laboratoriyalarda tətbiq edilən molekulyar biologiya, gen mühəndisliyi, hüceyrə və toxuma kulturası, mikrobiologiya, bioinformatika və bioproses mühəndisliyi istiqamətlərində aparılan elmi tədqiqatlar, istifadə olunan innovativ cihazlar və analiz metodları ətraflı şəkildə öyrənilib.

 Görüşlər zamanı hər iki universitet arasında birgə elmi layihələrin hazırlanması, beynəlxalq qrant proqramlarında ortaq iştirak, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, doktorant və magistrantların birgə elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müasir biotexnologiya sahəsində ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsi məsələləri müzakirə edilib.

 Eyni zamanda Naxçıvan Dövlət Universitetində biotexnologiya sahəsində yeni ixtisasların yaradılması və mövcud təhsil proqramlarının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, bu sahədə Yıldız Texniki Universitetinin uzun illər ərzində formalaşdırdığı akademik təcrübənin tətbiqi imkanları dəyərləndirilib.

 Bu əməkdaşlıq hər iki ali təhsil müəssisəsi arasında elmi inteqrasiyanın gücləndirilməsi, müasir biotexnologiya sahəsində innovativ tədqiqatların təşviqi və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir.