Naxçıvan Dövlət Universitetinin tələbələri Qazi Universitetində klinik stajlarını davam etdirirlər

10.07.2026

Naxçıvan Dövlət Universitetinin tələbələri Qazi Universitetində klinik stajlarını davam etdirirlər
Tədris proqramına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Tibb” və “Hərbi tibb” ixtisasları üzrə tələbələri Türkiyənin Qazi Universitetində klinik stajlarını uğurla davam etdirirlər.
 
Staj proqramı çərçivəsində tələbələr Təcili tibbi yardım, Pediatriya, Daxili xəstəliklər, Ginekologiya və Ümumi cərrahiyyə şöbələrində praktiki fəaliyyətlərdə iştirak edirlər. Tələbələr müxtəlif klinik halların diaqnostikası və müalicə proseslərini müşahidə edir, həkim vizitlərində iştirak edir, təcili tibbi yardımın təşkili, pediatrik xəstələrə yanaşma, daxili xəstəliklərin idarə olunması, ginekoloji müayinələr və cərrahi müdaxilələrin mərhələləri ilə yaxından tanış olurlar.
 
Beynəlxalq klinik mühitdə keçirilən bu stajlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, müasir tibbi yanaşmaları mənimsəməsinə və gələcək peşə fəaliyyətləri üçün dəyərli beynəlxalq təcrübə qazanmasına mühüm töhfə verir.