Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və müəllim heyəti Türkiyənin Qaradəniz Texniki Universitetinin Farabi Xəstəxanasında klinik təcrübə keçiblər

10.07.2026

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və müəllim heyəti Türkiyənin Qaradəniz Texniki Universitetinin Farabi Xəstəxanasında klinik təcrübə keçiblər
Təcrübə proqramı çərçivəsində tələbə və müəllimlər üçün əvvəlcədən həftəlik fəaliyyət planı hazırlanıb. Proqrama uyğun olaraq təcrübələr Təcili tibbi yardım, Uşaq xəstəlikləri, Daxili xəstəliklər, Ginekologiya, Cərrahiyyə, Uşaq və yetkin psixiatriyası şöbələrində təşkil olunub. Hər şöbə üzrə təcrübə iki gün davam edib.
 
Təcrübə müddətində tələbələr müxtəlif şöbələrdə xəstələrin müayinəsi, tibbi prosedurların icrası, təcili tibbi yardımın təşkili və cərrahiyyə sahəsində aparılan praktik fəaliyyətlərdə yaxından iştirak edərək peşə bacarıqlarını inkişaf etdiriblər.
 
NDU-nun müəllim heyəti isə Farabi Xəstəxanasının baş həkimi, Qaradəniz Texniki Universiteti Tibb fakültəsinin dekanı, eləcə də xəstəxananın Genetika, Sitogenetika, Biokimya və Laboratoriya şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub.
 
Görüş zamanı bildirilib ki, Farabi Xəstəxanasının laboratoriyası Türkiyədə ilk, Avropada isə üçüncü sırada yer alan qapalı sistem laboratoriya texnologiyasından istifadə edir.
 
Təcrübə proqramından sonra tələbə və müəllim heyəti Trabzon şəhər mərkəzində yerləşən Atatürk Köşkünü ziyarət ediblər.
 
Tələbə və müəllim heyəti onlar üçün yaradılmış yüksək səviyyəli təcrübə imkanlarına görə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə dərin minnətdarlıqlarını ifadə ediblər.