“Şəhərsalma və Memarlıq İli“ çərçivəsində Naxçıvan Dövlət Universiteti və NMR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən NMR Rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifələrini icra edən Azər Məmmədrəhimov bildirib ki, Prezident cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi bu sahənin inkişafına verilən önəmin göstəricisidir. “WUF13” forumunun əhəmiyyətindən bəhs edən Azər Məmmədrəhimov “Ağıllı şəhər və ağıllı kənd” festivalının gənclərin innovativ ideyalarının inkişafı və texnologiyaya əsaslanan layihələrin təşviqi baxımından mühüm platforma olduğunu vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif müəssisələrlə birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, “Ağıllı şəhər və ağıllı kənd” festivalının Naxçıvan üçün mühüm önəm daşıdığını vurğulayıb.
Rektor NDU-nun ENACTUS layihələrində iştirakından, həmçinin “Robotex” festivalının ilk dəfə olaraq 3 ayrı ölkədə universitet tərəfindən təşkil edilməsindən və bunun yaratdığı müsbət nəticələrdən bəhs edib.
Bununla yanaşı qeyd olunub ki, dünyaşöhrətli memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Naxçıvanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik tarixə malik olduğunu bir daha təsdiqləyir.
NMR Təhsil naziri Elxan Nəcəfov və NMR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Seymur Seyidov çıxışlarında “Ağıllı şəhər və ağıllı kənd” festivalının gənclərin innovativ düşüncə və texnoloji bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, bu cür layihələr müasir şəhərsalma yanaşmalarının tətbiqinə, rəqəmsal həllərin genişləndirilməsinə və gələcəyin texnologiyalarının inkişafına töhfə verir.
Ardınca ilk dəfə olaraq Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən hazırlanmış poçt markalarının nümayişi keçirilib. Daha sonra startap layihələrinə baxış olub.
Festivalda ümumilikdə 60 startap komandası iştirak edib. Onlardan 24-ü NDU-nun, biri NDU nəzdində Gimnaziyanın, 6-sı NDU nəzdində Naxçıvan Texniki Kollecinin, biri Naxçıvan STEAM Mərkəzinin komandası olub. Digər komandalar isə NMR-nin müxtəlif məktəblərini təmsil ediblər.
Tədbir “Ağıllı şəhər idarəetməsi, rəqəmsal təhsil, innovasiya və gələcəyin texnologiyaları”, “Smart kənd, su resursları və yaşıl enerji həlləri”, “İnnovativ şəhər infrastrukturu və ictimai idarəetmənin gələcəyi” mövzularında keçirilən panel müzakirələrlə davam edib.
Smart şəhər və smart kənd həlləri, süni intellekt layihələri, yaşıl texnologiyalar, robotexnika, IoT və avtomatlaşdırma sahələrini əhatə edən startap layihələrinin qiymətləndirilməsindən sonra qaliblər müəyyənləşib. Belə ki, I yerə NDU-nun “Sigma” komandası, II yerə “Loghman” komandası, III yerə Naxçıvan STEAM Mərkəzinin komandası, IV yerə isə Culfa rayonunun Ərəzin kənd məktəbinin komandası layiq görülüb.
Qalib komandalara müxtəlif nominasiyalar üzrə diplomlar və pul mükafatları verilib. Həmçinin bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Badəm Əliyeva
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsi



