Naxçıvan Dövlət Universiteti ilə Codelandia şirkətinin ortaq əməkdaşlığı çərçivəsində təlim keçirilib

 

Naxçıvan Dövlət Universitetinin İnnovasiya Mərkəzində Codelandia şirkətinin əməkdaşları tərəfindən  “İnformasiya təhlükəsizliyi və Kibergigiyena prinsipləri” mövzusunda təlim təşkil olunub. Təlimin  əsas məqsədi tələbələrə müasir dövrdə kibertəhlükələrin mahiyyəti və onlara qarşı mübarizə üsullarını aşılamaq olub.

Təlimçi Toğrul Xəlilov informasiya təhlükəsizliyinin əsas anlayışları, şəxsi və korporativ məlumatların qorunması, kibergigiyena vərdişlərinin formalaşdırılması mövzusunda tələbələrə ətraflı məlumat verib.

Daha sonra Rüstəm İsmayılov “Kiber kəşfiyyatda OSINT yanaşması: Təhlükə analizi və risklərin erkən aşkarlanması” mövzusunda təqdimatla çıxış edib.  Təqdimatda açıq mənbələrdən əldə olunan informasiyanın necə təhlil edilməsi, potensial risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması yolları müzakirə olunub.

Təlim interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb və real nümunələr üzərində təhlillər aparılıb.

Sonra təlimin simulyasiya mərhələsində tələbələrə təqdimatların praktiki hissəsi əyani olaraq göstərilib.

Qeyd edək ki, bu təlim Naxçıvan Dövlət Universiteti ilə “Codelandia” şirkəti arasında 2025-ci ilin aprel ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Memorandum təhsil, təcrübə mübadiləsi, elmi-praktik fəaliyyət və ixtisaslı kadr hazırlığının dəstəklənməsini nəzərdə tutur.

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı