Əvvəlcə NDU İncəsənət fakültəsinin müəllim və tələbələrinin 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş əsərlərindən ibarət rəsm sərgisinə baxış olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
NDU-nun rektoru Elbrus İsayev bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə hüzn günü deyil, həm də milli oyanışın başlandığı, xalqımızın qəhrəmanlığını nümayiş etdirdiyi gündür. Bu qanlı faciə Azərbaycan xalqının mübarizə əzmini boğmağı qarşısına məqsəd qoyan SSRİ-nin çirkin planının nəticəsi idi. Amma o bir gecənin vəhşəti xalqın əzmini, iradəsini sındıra bilmədi. Qanlı Yanvar II Qarabağ müharibəsində qazanılan zəfərin əsas təməli oldu.
Rektor qeyd edib ki, 20 Yanvar hadisəsinə ilk olaraq kəskin etirazını bildirən şəxs Ulu Öndər Heydər Əliyev olub: “20 Yanvar hadisəsindən dərhal sonra Moskvada bəyanatla çıxış etmək, SSRİ rəhbərliyini birbaşa ifşa etmək, baş verənləri o dövrün dünya mətbuatına çatdırmaq Ümummilli Liderin həmişəki qətiyyətinin nümunəsi idi”.
Fəlsəfə elmləri doktoru, professor, Əməkdar müəllim Məmməd Rzayev çıxışında vurğulayıb ki, bu faciə Azərbaycan xalqına ağır itkilər yaşatmaqla bərabər, SSRİ-nin sosial dayaqlarını zəiflədib, onun nüfuzuna və idarəetmə qüdrətinə ciddi zərbə vurub.
Fəlsəfə elmləri doktoru, dosent, Əməkdar müəllim Qərib Allahverdiyev 20 Yanvar hadisəsi ərəfəsində Naxçıvandakı proseslərin iştirakçısı və şahidi kimi çıxış edərək həmin dövrdə baş verən ictimai-siyasi hadisələr barədə xatirələrini bölüşüb. Vurğulayıb ki, 1990-cı ilin yanvarında Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərarla Naxçıvanın SSRİ-nin tərkibindən çıxması Azərbaycan xalqının azadlıq yolunda qətiyyətinin rəmzi idi.
NDU-nun “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə I kurs magistrantı Yağmur Mahmudova Qanlı Yanvar hadisəsinin Azərbaycan xalqının milli iradəsinin təzahürü olduğunu qeyd edib. Vurğulayıb ki, bu qanlı və şanlı tarix müstəqilliyimizin mənəvi əsaslarının formalaşmasında, gənclərin milli-mənəvi tərbiyəsində mühüm rol oynayıb.
Çıxışların ardınca, 20 Yanvara həsr olunmuş videoçarx nümayiş etdirilib. Təqdim olunan videoçarx NDU tabeliyində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbinin şagirdlərinin iştirakı ilə hazırlanıb.
Sonda NDU Tələbə Teatr Studiyasının “Belkanto” vokal qrupu ilə birgə hazırladığı “Qan yaddaşı və haqqın zəfəri” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.




