Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili Günü qeyd olunub

20.02.2026

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili Günü qeyd olunub

          Naxçıvan Dövlət Universitetinin konfrans zalında 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, dilimiz milli kimliyimizi təsdiq edən əsas atributumuz, milli varlığımızdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dili kimi istifadəsinin genişləndirilməsi haqqında" Sərəncamını və çıxışlarında Ana dili ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran rektor bu istiqamətdə qarşıda duran vəzifələrdən və əsas problemlərdən danışıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələlərindən söz açıb. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə aparılan dil siyasətinə toxunaraq bu sahədə Ulu Öndər Heydər ƏliyevPrezident İlham Əliyev tərəfindən həyata keçirilən dil quruculuğu işlərindən danışıb. Bildirib ki, Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO tərəfindən təsis edilib, bu gün 2000-ci ildən etibarən hər il 21 fevralda bütün dünyada qeyd olunmağa başlayıb.

Azərbaycan dili və ədəbiyyatının tədrisi ixtisası üzrə I kurs magistrant Fatimə Zaxarzadə çıxışında Ana dilimizin qorunmasında gənclərin rolundan, dilin rəqəmsal mühitdə inkişafından bəhs edib.

Tədbirin bədii kompozisiya hissəsində Tarix-filologiya fakültəsinin tələbələrinin ifasında Tofiq Bayramın “Ana dilim” şeiri bədii qiraət edilib və İncəsənət fakültəsinin “Belkanto” vokal qrupunun ifasında Emin Sabitoğlunun “Şirin dil” mahnısı səsləndirilib.