Naxçıvan Dövlət Universitetində biznes yönümlü dərs vəsaitinin təqdimatı olub

19.12.2025

Naxçıvan Dövlət Universitetində biznes yönümlü dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “İqtisadiyyat və marketinq” kafedrasının dosenti Turqan Babayevin “Necə biznesmen olmalı: uğura gedən yol” adlı dərs vəsaitinin təqdimatı keçirilib. 

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov bildirib ki, universitetdə müasir dövrün tələblərinə uyğun elmi nəşrlərin hazırlanmasına xüsusi önəm verilir. Ali təhsil ocağında kitab və dərs vəsaitlərinin təqdimatının keçirilməsi artıq davamlı xarakter alıb. Prorektor qeyd edib ki, iqtisadiyyat sahəsində praktik biliklərə əsaslanan vəsaitlər tələbələrin real biznes mühitinə hazırlanmasında mühüm rol oynayır. Nicat Yaqubov təqdim olunan dərs vəsaitində biznesin qurulması və idarə olunmasının incə mexanizmlərinin sistemli şəkildə izah edildiyini və bunun oxucu üçün praktik dəyər daşıdığını vurğulayıb və müəllifi təbrik edib.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov çıxışında müəllifin elmi yanaşmasına diqqət çəkib. Bildirib ki, dərs vəsaitində biznes fəaliyyətinin nəzəri əsasları ilə yanaşı, metodiki və praktik məsələlər də geniş şəkildə əhatə olunub. Biznesin təşkili, formalaşması və idarə edilməsi prosesləri ardıcıllıqla təqdim edilir, onun bazar, istehsal, maliyyə, intellektual və hüquqi tərəfləri elmi əsaslarla izah olunur.

“Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri Cavadxan Qasımov və “İqtisadiyyat və marketinq” kafedrasının dosenti Hüseyn Bağırsoylu dərs vəsaitinin məzmun baxımından aktuallığını vurğulayıblar. Qeyd olunub ki, yeddi fəsildən ibarət kitab biznes dünyasına girişdən başlayaraq, biznesə hazırlıq, onun qurulması və idarə olunmasına qədər əsas mərhələləri əhatə edir. Vəsaitin gələcək mütəxəssislərdə analitik təhlil, kreativ düşünmə və effektiv idarəetmə bacarıqlarının formalaşmasına xidmət etdiyi bildirilib.

Sonda müəllif Turqan Babayev universitetdə yaradılan elmi mühitin alimlərin potensialının üzə çıxarılmasına və praktik yönümlü dərs vəsaitlərinin hazırlanmasına geniş imkanlar yaratdığını bildirib. Tədbirdə iştirak edən hər kəsə təşəkkürünü ifadə edib.

Fəxriyyə Səyyadova

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı