Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev Vəli oğlunun anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən sərgiyə baxış olub.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq belə qəhrəmanların həyat yolunun gənclərə əsl örnək olduğunu vurğulayıb. Rektor qeyd edib ki, I Qarabağ müharibəsinin çətin şəraitinə baxmayaraq, Yusif Mirzəyev son nəfəsinə qədər qəhrəmanlıqla vuruşub. Dövlətimiz tərəfindən Milli Qəhrəmanın xatirəsinə hər zaman ehtiram göstərilib, Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə onun adı verilib, məktəbin qarşısında büstü ucaldılıb, muzeylərdə, filmlərdə xatirəsi əbədiləşdirilib.
Bildirilib ki, 1958-ci il mayın 23-də Böyükdüz kəndində anadan olan Yusif Mirzəyev 1990-cı illərdə xalq hərəkatında iştirakına və 20 Yanvar faciəsi zamanı etirazlarına görə həbs edilib. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnən Yusif Mirzəyev sonra cəbhəyə könüllü şəkildə yollanaraq Goranboy və Ağdərə istiqamətlərində 14 nəfərlik dəstəsi ilə düşmənə qarşı mərdliklə vuruşub. 1993-cü il fevralın 19-da Ağdərədə qeyri-bərabər döyüşdə əsgərlərini mühasirədən çıxararkən şəhid olub. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Yusif Mirzəyevin bacısı Naibə Mirzəyeva və uşaqlıq dostu, qohumu Cavad Rzayev onun keçdiyi qəhrəmanlıqlarla dolu ömür yolundan və xatirələrindən bəhs ediblər. NDU-nun rektoru Elbrus İsayev tərəfindən şəhidin porterti onun ailə üzvlərinə hədiyyə edilib.
Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin “Belkanto” vokal qrupunun ifasında “Yusifim” mahnısı və Şəmistan Əlizamanlının Yusif Mirzəyevə ithaf etdiyi “İgid əsgər” mahnısı ifa edilib.
Sonda Milli Qəhrəmanın şərəfli döyüş yoluna həsr olunmuş “İgid əsgər” filmi nümayiş olunub.
Gülay Tahirli
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı


