14 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin müəllimləri “Məşqçilik” kafedrasının dosenti Həsən Babayevin 80 illik, “Texnologiya” kafedrasının baş müəllimi Nizami Quliyevin 65 illik, “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının dosenti Oktay Rzayevin 65 illik yubileyləri qeyd olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Həsən Babayevin, Nizami Quliyevin və Oktay Rzayevin ali təhsil ocağındakı səmərəli elmi-pedaqoji fəaliyyətlərindən söz açıb. Rektor dəyərli pedaqoqların həm elmi töhfələrini, həm də pedaqoji fəaliyyətlərini yüksək qiymətləndirib. Qeyd olunub ki, hər üç müəllimin fəaliyyəti Naxçıvan Dövlət Universitetinin elmi-mədəni mühitinin zənginləşməsinə mühüm təsir göstərib və gələcək nəsillər üçün nümunə təşkil edir. Sonra Elbrus İsayev hər üç yubilyarı təbrik edərək elmi-pedaqoji fəaliyyətlərinə görə təşəkkürnamə təqdim edib.
Universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, “Məşqçilik” kafedrasının müdiri, dosent Əvəz Tağıyev, “Texnologiya”kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva, “Çağırışaqədərki hazırlıq və mülki müdafiə”kafedrasının müdiri, dosent Valeh Əlixanov çıxış edərək hər üç yubilyar barədə xoş fikirlərini söyləyiblər.
Sonra tədbir iştirakçıları NDU-nun elmi-pedaqoji həyatında fəal iştirak edib, peşəkar və ixtisaslı kadrların hazırlanma işinə mühüm töhfə verən hər üç yubilyarı əlamətdar gün münasibəti ilə təbrik edib, onlara xatirə hədiyyələri təqdim ediblər.
Sonda hər üç yubilyar göstərilən diqqətə görə universitetin rektoru Elbrus İsayevə və müəllim yoldaşlarına təşəkkürlərini bildiriblər.