Naxçıvan Dövlət Universitetində professor İsa Abdullayevin 70 illik yubileyi qeyd olunub

29.12.2025

Naxçıvan Dövlət Universitetində professor İsa Abdullayevin 70 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universiteti İnnovasiya Mərkəzində tibb elmləri doktoru, professor İsa Abdullayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri universitetin rektoru Elbrus İsayev açaraq professor İsa Abdullayevi 70 illik yubileyi münasibətilə təbrik edib. Rektor çıxışında vurğulayıb ki, professorun uzun illər ərzində qazandığı zəngin elmi və pedaqoji təcrübəni gənc nəslə ötürməsi, tələbələrlə bilik və bacarıqlarını səxavətlə bölüşməsi Naxçıvan Dövlət Universiteti üçün böyük dəyər kəsb edir. O, İsa Abdullayevin təhsil və tibb sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək onun elmi fəaliyyətinin nümunəvi olduğunu qeyd edib.

Tibb fakültəsinin dekanı (həvalə) Şəfiqə Süleymanova professorun elmi nailiyyətləri haqqında çıxış edərək qeyd edib ki, fakültənin seçilmiş həkimlərindən olan İsa Abdullayev 2009-cu ildə NDU Elmi Şurasının qərarı ilə “İlin alimi” fəxri adına layiq görülüb. O cümlədən, 2018-ci ildə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Fakültənin “Klinik fənlər və hərbi tibb” kafedrasının müdiri Gültəkin Əliyeva, həmin kafedranın dosentləri Cəbi İsmayılov, Elmar Rzayev və digər çıxışçılar professor İsa Abdullayevin zəngin həyat yolu və elmi-pedaqoji fəaliyyətindən danışıblar. Onlar çıxışlarında yubilyarın tibb sahəsindəki elmi töhfələrini və uzun illər ərzində qazandığı peşəkar nüfuzunu xüsusi vurğulayıblar. Qeyd olunub ki, professor İsa Abdullayev həm təcrübəli həkim, həm də nümunəvi pedaqoq kimi tanınır.

 “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş Arzu Həmidova və Tibb fakültəsinin SABAH qrupları üzrə III kurs tələbəsi Şövkət Əlisoy professor İsa Abdullayev haqqında çıxış edərək onun həm bir alim, həm də pedaqoq kimi fədakar fəaliyyətindən danışıblar. Onlar qeyd ediblər ki, professor Abdullayevin zəngin təcrübəsi, elmi yanaşmaları və tələbələrə göstərdiyi diqqət gənc nəsil üçün nümunədir.

Tələbələr onun dərslərində yalnız nəzəri bilik deyil, həm də həyat və peşə təcrübəsi qazandıqlarını bildiriblər.

Tədbirdə İsa Abdullayevin həyatı və elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Yubilyar çıxışında göstərilən diqqət və ehtirama görə hər kəsə minnətdarlığını bildirib.

Sonda rektor Elbrus İsayev tərəfindən professora Naxçıvan Dövlət Universitetinin “Fəxri Fərmanı” və fakültə kollektivi adından hədiyyə təqdim olunub.