Naxçıvan Dövlət Universitetinin fakültəsində tibb üzrə fəlsəfə doktoru Sabir Novruzovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru Elbrus İsayev tədbiri açaraq yubilyarı təbrik edib, onun təhsil və tibb sahəsindəki dəyərli xidmətlərini yüksək qiymətləndirib. Rektor bildirib ki, Sabir Novruzovun uzun illər ərzində apardığı elmi-pedaqoji fəaliyyət, qazandığı təcrübə və elmi nailiyyətlər onu universitet və tibb sahəsində nümunəvi bir şəxsiyyətə çevirib.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Elsəvər Əsədov çıxış edərək Sabir Novruzovu əlamətdar 85 illik yubileyi münasibətilə təbrik edib. Prorektor qeyd edib ki, Sabir Novruzovun zəngin elmi irsi və pedaqoji fəaliyyəti gənc tədqiqatçılar və həkimlər üçün daim örnəkdir.
Tibb fakültəsinin dekanı (həvalə) Şəfiqə Süleymanova çıxış edərək yubilyarın elmi nailiyyətlərini diqqətə çatdırıb. O qeyd edib ki, Sabir Novruzov Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı, SSRİ Səhiyyə əlaçısı, Azərbaycan Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunub və 1980-ci ildə Naxçıvan MR əməkdar həkimi adına layiq görülüb.
Fakültənin “Klinik fənlər və hərbi tibb” kafedrasının müdiri Gültəkin Əliyeva, həmin kafedranın dosentləri İsa Abdullayev,Elmar Rzayev və digər çıxışçılar yubilyarın zəngin elmi fəaliyyəti və pedaqoji bacarıqları barədə çıxış edərək, onun gənc həkimlərin yetişməsindəki rolunu xüsusi vurğulayıblar.
Yubilyar tədbir iştirakçılarına göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonda rektor Elbrus İsayev tərəfindən Sabir Novruzova Naxçıvan Dövlət Universitetinin “Fəxri Fərmanı” və fakültə kollektivi adından hədiyyə təqdim olunub.


