
Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın və Gənc Xarici Dil Müəllimləri Birliyinin təşəbbüsü ilə təlim təşkil olunub. Tədbirin əsas məqsədi tələbə və müəllimləri inklüziv təhsil mühitində xarici dilin tədrisi, bu zaman qarşıya çıxan çətinliklər və onların həlli yolları mövzusunda maarifləndirmək olub.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə çıxış edərək təlimin əhəmiyyətindən bəhs edib, bu cür maarifləndirici tədbirlərin tədris prosesinə verdiyi töhfəni vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova “İnklüziv mühitdə xarici dilin tədrisi”, birliyin koordinatoru Zeynəb Məmmədova isə “Cambridge imtahanları” mövzularında interaktiv təqdimatlarla çıxış ediblər. Günay Əkbərova inklüziv mühitdə xarici dilin tədrisinin tələbələr arasında bərabərlik və qarşılıqlı hörmətin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Zeynəb Məmmədova isə Cambridge imtahanlarının tələbələrin və müəllimlərin ingilis dili bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləmələrində və onların akademik nailiyyətləri ilə yanaşı, karyera hədəflərində də geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Təlim interaktiv şəkildə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda Günay Əkbərova müəllifi olduğu “Xarici dil potensialının gücü: Türk dünyasının Beynəlxalq arenada yüksəlişi” adlı kitabını iştirakçılara hədiyyə edib.

