04 oktyabr tarixində Naxçıvan Dövlət Universitetində Naxçıvan regional SAT Qeydiyyat və İmtahan mərkəzində növbəti imtahan keçirilib. İmtahanda muxtar respublikada təhsil alan şagirdlərlə yanaşı Azərbaycanın müxtəlif bölgələrindən olan şagirdlər də iştirak edib. İmtahan iki hissəli olub. Birinci hissədə iştirakçıların oxu və yazı bacarıqları, ikinci hissədə isə riyazi bacarıqları qiymətləndirilib.
İmtahan mərkəzinin əməkdaşlarından ibarət heyətin nəzarəti, texniki dəstək və şəffaflıq şəraitində keçirilən imtahan prosesindən şagirdlər öz razılıqlarını bildiriblər.
Xatırladaq ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində SAT imtahan və qeydiyyat mərkəzi 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq qeydiyyata alınıb. Həmin tarixdən mərkəzdə imtahan verən şagirdlər hər il olduğu kimi, ötən il də Amerikanın nüfüzlu universitetlərinə qəbul olublar.