Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Jurnalistika” ixtisasının müəllim və tələbələri ilə görüşüb

Görüşdə rektor çıxışı zamanı bildirib ki, Jurnalistika ixtisasında təhsil alan tələbələrin kadr hazırlığı müasir tələblər çərçivəsində sistemli və düzgün şəkildə formalaşdırılmalıdır. Onların nəzəri bilgiləri zənginləşdirilməli, təcrübə bazası təkmilləşdirilməlidir. Bu gün tələbə kimi auditoriyalarda elmi biliklərə yiyələnən gələcək jurnalistlərə savadlı, aktiv olmaq, peşələrini mükəmməl bilmək, hərtərəfli bilgiyə sahib olmaq aşılanmalıdır. Daha da uğurlu olmaları üçün tələbələrə öz tövsiyələrini söyləyən rektor Elbrus İsayev vurğulayıb ki, görülən tədbirlərdən biri də bu cür görüşlərin mütəmadi olaraq keçirilməsidir. Tələbələr bu görüşlərdə qeyd olunan fikirləri diqqətdə saxlamalı, auditoriyadan kənar vaxtlarda NDU-nun Media Mərkəzində və digər mətbuat orqanlarında fəaliyyətə təşəbbüs göstərməlidir.  

Görüş zamanı rəqabətqabiliyyətli kadr potensialının hazırlanması üçün təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, əldə olunmuş nəticələrin möhkəmləndirilməsi, tələbələrin asudə vaxtının səmərəli keçirməsi məqsədilə təkliflər səsləndirilib. Müəllim və tələbələrin fikirləri dinlənilib, ünvanlanan suallar ətraflı cavablandırılıb.