Naxçıvan Dövlət Universitetinin rektoru “III Beynəlxalq Apiterapiya və Təbiət” Konqresində iştirak edib

21–23 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “III Beynəlxalq Apiterapiya və Təbiət” Konqresi keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyənin Karadeniz Texnik Universiteti və Gümüşhane Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, Elbrus İsayev çıxış edərək əsası ilk dəfə 2023-cü ildə Naxçıvanda qoyulan "III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”nin tədqiqatçılar arasında bu günədək birgə tədqiqatların aparılması sahəsində öz töhfəsini verməklə yanaşı, yerli və xarici elm-təhsil müəssisələri arasında bir çox sahədə əməkdaşlıq əlaqələrini genişləndirdiyini bildirib. Rektor Naxçıvan Dövlət Universitetində Azərbaycan təbiətinin, flora və faunasının araşdırılmasının həmişə aktual olduğunu, bu sahədə bir sıra əsaslı addımlar atıldığını, eyni zamanda arıçılıq məhsullarından alternativ təbabətə əsaslanan qida əlavələrinin, təmizlik vasitələrinin və s.hazırlandığını da nəzərə çatdırıb.

Qeyd edək ki, Konqresdə Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdən dəvət olunmuş alimlər, mütəxəssislər və apiterapiya sahəsində çalışan tədqiqatçılar iştirak ediblər. Konqresin əsas məqsədi apiterapiya üzrə — bal, vərəmum, arı südü, arı zəhəri və digər arı məhsullarının elmi tədqiqi sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, elmi müzakirələr aparmaq, beynəlxalq əməkdaşlığı genişləndirmək və yeni elmi layihələrin yaranmasına dəstək olmaqdır. Tədbirin əvvəlki iki mərhələsi 2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Türkiyənin Trabzon şəhərində keçirilib.

 

\